Tofiq Yaqublunun məhkəməsində media nümayəndələrinə çəkilişə icazə verilməyib

tərəfindən Gozetci

Tofiq Yaqublu

İyulun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib ki, ötən məhkəmədə media nümayəndələrinə məhkəmədən çəkiliş etməyə icazə verilmişdi, lakin bugünkü məhkəmədə buna icazə verilməyib.

“Görünür ki, Tofiq Yaqublunun məhkəmə zalında plakat qaldırması və bunun da media tərəfindən işıqlandırılması onları narahat edib. Bu dəfə hamını bir-bir yoxlayıb içəri buraxdılar və telefonla içəri buraxmadılar. Demirsiniz ki, Tofiq Yaqublu dələduzdur, cinayətkardır? Onda jurnalistlərə imkan verin çəkiliş etsinlər və bütün ölkə də görsün ki, Tofiq Yaqublu cinayətkardır” – deyə, qızı qeyd edib.

Növbəti məhkəmə prosesi avqustun 2-nə təyin olunub.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb.

Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Azərbaycanda son aylar iyirmidən çox fəal və jurnalist həbs edilib. Bu həbslər çoxsaylı beynəlxalq hüquq-müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az