Afiyəddin Məmmədov məhkəmədə ona necə iftira atıldığını danışıb

tərəfindən Gozetci

Afiəddin Məmmədov

Çərşənbə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində həmkarlar ittifaqı fəalı Afiəddin Məmmədov ifadə verib və öz həbsini həmkarlar ittifaqı çərçivəsində fəaliyyəti ilə əlaqələndirib.

Məmmədov xatırladıb ki, 1 avqust 2023-cü il tarixində yemək çatdırılması sahəsində xidmət göstərən kuryerlərin Bakı Şəhər Baş Polis İdarəsinin binası qarşısında etiraz aksiyasından sonra üç həmkarlar ittifaqı fəalı həbs olunub.

Belə ki, avqustun 4-də Elvin Mustafayev, 11-də Ayxan İsrafilov həbs olunub. Məmmədov özü də avqustda inzibati həbsə məruz qalıb.

Cinayət işinə gəlincə, Məmmədov bildirib ki, 20 sentyabr 2023-cü il tarixində o, toya getmək üçün evdən çıxıb. Ona bir kişi və bir qadın yaxınlaşıb. Əlində bıçaq olan kişi onu yaxasından tutub. O, bıçağı vurub salmağa çalışıb, lakin əlini kəsib. Naməlum şəxs onun üzünə vurub, Məmmədovun burnu qanayıb və o, yıxılaraq belindən xəsarət alıb.

Məmmədova hücum edən kişi özünə bədən xəsarətləri yetirməyə çalışıb və iki dəqiqə sonra “təcili yardım” və polis gəlib.

Bu zaman həkimlər Məmmədova tibbi yardım göstərməyib. Onu 34-cü polis bölməsinə aparıblar. Burada ondan başqa şəxsə hücum etdiyini “etiraf etməyi” tələb ediblər. Bundan sonra onun əlinə qandal taxıblar, əllərinə stəkan və bıçaq veriblər, daha sonra bu əşyalardan barmaq izi götürüblər. Yalnız bundan sonra vəkili onun yanına buraxılıb.

Məhkəmə prosesi mayın 13-də davam edəcək.

* Məmmədov sentyabrın 20-də evinin yaxınlığında naməlum şəxsin hücumuna məruz qaldıqdan sonra saxlanılıb. Məmmədov hücum edən şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham olunub (CM-in 221.3 – xuliqanlıq, silahdan istifadə ilə törədildikdə) və 126.1 (sağlamlığa qəsdən ağır zərər vurma).

Sonradan ittihamlar sərtləşdirilib, ona qarşı 126.2.4-cü (ümumi təhlükəli yolla sağlamlığa qəsdən ağır zərər vurma) maddə ilə ittiham irəli sürülüb. Onu 11 ilədək həbs cəzası gözləyir.

Hüquq müdafiəçiləri Məmmədovu siyasi məhbus kimi tanıyıblar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az