Aprelin 3-də Bakı Apellyasiya Məhkəməsi “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədlinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib.
Bu barədə Amerikanın Səsinə vəkil Aqil Layıc məlumat verib.
Onun sözlərinə görə, məhkəmə prosesində Ələsgər Məmmədli də iştirak edib.
“Ələsgər Məmmədli məhkəmədə dedi ki, onun ev dustaqlığına buraxılması təkcə onun azadığı üçün deyil, daha çox səhhəti üçün vacib məsələdir. Ələsgər bəy bildirib ki, artıq başını yastığa qoyanda qalxanabənzər vəzdəki şişin böyüməsini hiss edir. Boğulmaları var”, vəkil qeyd edib.
Aqil Layıc vurğulayıb ki, Ələsgər Məmmədlinin təcili müayinə və müalicə edilməsinə ehtiyac var. Vəkil qeyd edib ki, Məmmədlidən biopsiya analizi hələ də götürülməyib.
“Bizim onun heç olmasa Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı müraciətlərimiz cavabsız qalıb”, o bildirib.
Öz növbəsində, Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə bildirib ki, qardaşı həbsinin səbəbini daha çox media fəaliyyəti ilə bağlı olduğunu deyib.
“O heç bir sübut və dəlil olmadan qondarma ittihamla saxlanılıb. Ələsgər Məmmədlinin hüquqi müdafiəsi il bağlı bizim elə narahatlığımız yoxdur. O, ölkənin tanınmış və peşəkar hüquqşünaslarındadındır”, Nəsimi Məmmədli bildirib.
Onun sözlərinə görə, Ələsgər Məmmədlinin səhhəti ilə bağlı problemlər qalmaqdadır.
“Səhhəti kifayət qədər onu narahat edir. Dünən kamerasına gəlib ondan qan analizi götürüblər. Əlbəttə orada şəraitin uyğun olmamasına etiraz edib. Amma buna baxmayaraq, qan analizlərini vermək məcburiyyətində qalıb”.
Nəsimi Məmmədlinin fikrincə, ən ciddi problem qalxanvari vəzində olan şişlə bağlı olan məsələdir.
“Hələ də onun həlli ilə bağlı heç bir addım atılmayıb. Boğulma hissi var. Özünü narahat hiss edir. Xüsusilə də biopsiya edilməməsi onun narahatlığını artırıb. Ola bilsin bu məsələ gələcəkdə gec ola bilər. Hətta bu şişlər metastaz verə bilər. Onun həyatı üçün ciddi problemə çevrilə bilər”, o qeyd edib.
Ələsgər Məmmədlinin qardaşı qeyd edib ki, bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib.
Nəsimi Məmmədli qardaşı barəsində ədalətlidən daha çox mərhəmətli qərar qəbul edilməsinin lazım olduğunu deyib.
Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb. Amma bundan əvvəl Amerikanın Səsinin sorğusuna cavab verən Penitensiar Xidmət tibbi təminatı ilə bağlı aiddiyəti üzrə Ədliyyə Nazirliyi Tibb baş idarəsinə müraciət etməyi tövsiyə edib.
Öz növbəsində Ədliyyə Nazirliynin Tibb Baş İdarəsi isə bu məlumata hələ münasibət bildirməyib.
Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunub.
Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Amerikanın Səsi