Məhkəmə AXCP fəalını 5 il həbsə məhkum edib

tərəfindən Gozetci

Elxan Əliyev

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyevi 5 il müddətinə azadlıqdan məhrum edib.

O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham olunur.

Vəkili Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, iş üzrə digər iki müttəhim – Yusif Əliyev və Vəfadar Axundova məhkəmə şərti cəza verib.

AXCP fəalı məhkəmədə ittihamları qəbul etmədiyini, siyasi motivlərlə və saxta ittihamla təqib edildiyini bildirib.

Vəkilin fikrincə, məhkəmə Elxan Əliyevə verilən ittihamla bağlı günahını sübut etməyib.

“Məhkəmə obyektiv istintaq aparmadı, hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilən şəxsin son sözlə çıxış etməsinə imkan vermədi”, Kərimli qeyd edib.

Cinayət işi vətəndaş Ramo Şükürovun şikayəti əsasında açılıb. O bildirib ki, müttəhimlər Bakının Nardaran qəsəbəsində mülkiyyət hüququna dair sənədi olmayan torpaq sahəsini ona 57 min manata sataraq “dələduzluq” ediblər.

Lakin Şükürov əvvəllər rieltor fəaliyyətilə məşğul olmuş Elxan Əliyevə israrla müraciət edərək ona torpaq sahəsi almasına kömək etməsini xahiş edib.

“Şükürova xəbərdarlıq edilib ki, həmin ərazidə mülkiyyət haqda sənəd yoxdur. Buna baxmayaraq, alıcı israr edib, deyib ki, mülkiyyət hüququnun qeydiyyatı məsələsini özü həll edəcək. Eyni zamanda, Şükürov əvvəlcədən beh ödəmədən, məbləği dərhal ödəyib. Pullar Şükürova qaytarılsa da, o, məhkəmədə yalnız Elxan Əliyevin cəzalandırılmasını israr edib”, vəkil qeyd edib.

Elxan Əliyevin barəsində hökmdən Apellyasiya Məhkəməsinə şikayət veriləcək.

Hüquq müdafiəçiləri Elxan Əliyevi siyasi məhbus kimi tanıyıblar.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az