“Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də məhkəmə zalında əlləri qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insani ehtiyaclarından məhrum olunmış gənc qadınlara qarşı ləyaqəti alçaldan rəftar barədə xəbərlər məni dəhşətə gətirdi”.
Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko “X” platformasında bildirib.
“Hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var”, o, X platformasındakı hesabında yazıb.
Jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı, Məhəmməd Kekalov, Nərgiz Absalamova 2023-cü ilin noyabr-dekabr aylarında, Elnarə Qasımova isə yanvarın 13-də Abzas Media İnternet nəşrinin işi üzrə xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Onlar ittihamları təkzib edir və təqib olunmalarını Azərbaycan hakimiyyətinin yüksək məmurlarının korrupsiya faktları ilə bağlı jurnalist araşdırmaları ilə əlaqələndirirlər.
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.
Cinayət Məcəlləsinin 188.2 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.
“Kanal 13”ün əməkdaşı Rüfət Muradlı dekabrın 7-də 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib.
Dekabrın 11-də məhkəmə qərarı ilə “Kanal 13”-ə giriş məhdudlaşdırılıb.
“Kanal 13” internet televiziyası 2008-ci il noyabrın 10-dan yayımlanır. Bu televiyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televizya YouTube kanalında 37 mindən çox video yerləşdirib.
Azərbaycanda son zamanlarda 10 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnailstlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.
Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.
Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə heç kəsin təzyiq görmədiyini, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.
Amerikanın Səsi