Qalib Toğrul: “Qubad İbadoğlunun tibb müəssisəsinə köçürülməsi üçün məhkəməyə müraciət etmişik”

tərəfindən Gozetci

Qalib Toğrul

 

“Qubad İbadoğlu sərbəst şəkildə hərəkət edə bilmir, əsa köməkliyi ilə hərəkət edir. Buna baxmayaraq, nə hazırda saxlanıldığı Bakı İstintaq Təcridxanası, nə Pentensiar Xidmət, nə də Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi hər hansı bir addım atmır”.

Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə açıqlamasında bildirib. Onun sözlərinə görə, aidiyyatı qurumlar tərəfindən şikayətlərinə baxılmır.

“Biz qeyd etdiyim dövlət qurumlarına dəfələrlə müraciət etmişik. Eyni zamanda, Ombudsman Aparatına da müraciətimiz olub. Qubad İbadoğlunun hazırda vəziyyəti elədir ki, o, Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməlidir. Lakin hər dəfə bizə göndərilən rəsmi cavablarda buna ehtiyac olmadığı, Qubad bəyin sağlamlığının qaydasında olduğu bildirilir. Təbii ki, bütün bunlar reallığı əks etdirmir”, o deyib.

Qalıb Toğrul qeyd edib ki, Qubad İbadoğlunun müalicə müəssisəsinə köçürülməməsi ilə bağlı məhkəməyə müraciət edilib.

“Qubad İbadoğlunun həm ürəyində, həm bel nahiyəsində, şəkər xəstəliyi ilə bağlı ciddi problemləri var. Bütün bunları nəzərə alaraq biz məhkəməyə müraciət etmişik. Bizim şikayətiniz qəbul edilib, məhkəmə tərəfindən icraata götürülüb”, Qalıb Toğrul bildirib.

Dekabrın 19-da Nərimanov rayon məhkəməsində vəkillərin verdiyi şikayətə baxılacaq.

Öz növbəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az