Həbsdə olan jurnalist Müşfiq Cabbar istintaq təcridxanasında hüquqlarının məhdudlaşdırılmasından məhkəməyə şikayət verib.
Vəkil Nazim Musayev Amerikanın Səsinə bildirib ki, istintaq həbsdə olan Toplum TV-nin jurnalisti Müşviq Cabbarın notariat hərəkətləri etmək, xüsusən də yaxınlarına etibarnamə vermək hüquqlarını məhdudlaşdırıb.
Etibarnaməyə ehtiyac Cabbarın həbs olunmazdan əvvəl xaricdə hərracdan avtomobil alması ilə bağlıdır. Avtomobil Azərbaycana gətirilərkən jurnalist həbs edilib. May ayından avtomobil gömrükdə saxlanılır və parkinq üçün ödəniş alınır. Avtomobilin gömrük rəsmiləşdirilməsindən keçməsi üçün jurnalist yaxınlarına etibarnamə verməlidir. Lakin istintaq təcridxanasının rəhbərliyi müstəntiqin qadağasını əsas gətirərək bundan imtina edir.
Vəkil Musayev müstəntiqə notariusun Cabbarın yanına gəlməsi üçün vəsatət verib. Lakin müstəntiq vəsatətə baxılmasını “təxirə salıb”. Müdafiəçi müstəntiqin qərarını qanunsuz hesab edir.
“Avtomobilin cinayət işi ilə heç bir əlaqəsi yoxdur”, Musayev qeyd edib.
Sentyabrın 3-də Bakının Xətai Məhkəməsi vəkilin müstəntiqin qərarından və Cabbarın hüquqlarının məhdudlaşdırılmasından şikayətinə baxmağa başlayıb. Jurnalistin özü məhkəməyə gətirilmədiyi üçün vəkil onun şəxsən iştirakını xahiş edib. Hakim vəsatəti təmin edib və növbəti iclası sentyabrın 9-na təyin edib.
Martın 6-8-də Tolum TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. 7 nəfər həbs edilib, ikisi polis nəzarətinə verilib.
Hüquq müdafiəçiləri bu iş üzrə təqsirləndirilən şəxsləri siyasi məhbus kimi tanıyıb, beynəlxalq təşkilatlar isə onları azad etməyə çağırıb.
Amerikanın Səsi