Məhkəmə “Abzas Media” işi üzrə həbsdə olan jurnalist və iqtisadçının həbs müddətini uzadıb

tərəfindən Gozetci

Elnarə Qasımova və Fərid Mehralızadə

Sentyabrın 6-da Bakının Xətai Rayon Məhkəməsi “Abzas Media işi” üzrə həbs edilmiş jurnalist Elnarə Qasımovanın və iqtisadçı Fərid Mehralızadənin həbs müddətinin uzadılması barədə istintaq orqanının təqdimatını təmin edib.

Vəkil Günay İsmayılova Amerikanın Səsinə bildirib ki, hakim Sülhanə Hacıyevanın sədrliyi ilə məhkəmə Elnarə Qasımova barəsində həbs qətimkan tədbirinin müddətini noyabrın 13-dək uzadıb.

Həmçinin vəkil Cavad Cavadov Amerikanın Səsinə deyib ki, məhkəmə hakim Sülhanə Hacıyevanın sədrliyi ilə Fərid Mehralızadənin həbs müddətini dekabrın 19-dək uzadıb.

Müdafiə tərəfi hər iki şəxsin həbs müddətinin uzadılması barədə qərarı əsassız hesab edir və Apellyasiya Məhkəməsinə şikayət verəcəyini bildirib.

Jurnalist Elnarə Qasımova məhkəmədə bildirib ki, jurnalist fəaliyyətinə görə həbs olunub, o, irəli sürülən ittihamı rədd edir.

Mehralızadə “Abzas Media” nəşrinin işi üzrə həbs edilib. Lakin o, ittihamları rədd edib və bildirib ki, bu nəşrlə heç bir əlaqəsi yoxdur, sadəcə, ekspert olaraq bu nəşrdə, eləcə də bir çox başqa nəşrlərdə şərhlər verib.

Elnarə Qasımova yanvarın 15-də Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham üzrə həbs edilib. O 2023-cü ilin noyabrında -2024-cü ilin yanvarında “Abzas Media işi” üzrə həbs olunmuş altı jurnalist və media işçisindən biridir. Sonradan, iyunun 1-də bu iş üzrə iqtisadçı Fərid Mehralızadə də həbs edilib.

Əvvəlcə onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. Lakin avqustun 16-19-da daha ağır ittihamlar irəli sürülüb: Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil qrup tərəfindən cinayət yoluyla əldə edilmiş gəlirlərin leqallaşdırılması), 206.4 (mütəşəkkil qrup tərəfindən qaçaqmalçılıq), 320.1-ci və 320.2-ci (sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə), 213.2.1-ci (vergidən qrup şəklində yayınma) maddələri.

Bu ittihamlar 12 ilə qədər həbs cəzasını nəzərdə tutur. Jurnalistlər bütün ittihamları rədd edərək bildirirlər ki, hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırdıqlarına görə təqib olunurlar.

Elnarə Qasımova və Fərid Mehralızadə hüquq müdafiəçiləri tərədindən siyasi məhbus kimi tanınıb.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az