Oktyabrın 28-də “İnsan yönümlü şəhərlər” platformasının həmtəsisçiləri memar Dilqəm İsmayılov və urbanist Anar Əliyevin polis bölməsində saxlandıqdan sonra sərbəst buraxıldığı bildirilir.
Məlumata görə, onlar Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən saxlanılıblar. Hər ikisi bölmədə 5 saat saxlanıldıqdan sonra sərbəst buraxılıblar.
Dilqəm İsmayılov Amerikanın Səsi-nə bildirib ki, onlar “İnsan yönümlü şəhərlər” platforması üçün video çəkərkən saxlanılıblar.
“Əsasən İslam Səfərli küçəsini gələcəkdə necə transformasiya etmək olar, tarixi küçələr və tikililərlə bağlı video çəkirdik. Dilarə Əliyeva küçəsi ilə kəsişmədə olan məscidi çəkdik. Daha sonra sinaqoq haqqında məlumat verdik, əvvəl necə idi, hansı formada tikilib və sair. Axşam saat 6 radələrində videonu çəkərkən polis əməkdaşları yaxınlaşdı və kim olduğumuzu, hansı məqsədlə çəkdiyimizi soruşdular”, – o deyib.
İsmayılov saxlanılmaqlarına heç bir əsas olmadığını bildirib.
“Sadəcə, memarlıq elementlərini çəkirdik, bölməyə zəng elədilər və yarım saat sonra digər əməkdaşlar gəldi, bizi bölməyə apardılar. Eyni şeyləri həm yolda, həm də bölmədə soruşdular. Bizi 5 saat orada saxladılar, heç bir təzyiq olmadı, amma oradan çıxmağımız çox uzun çəkdi. Telefonlarımızı da növbətçi hissəyə vermişdilər. Sinaqoqla bağlı videonun silinməsini istədilər. Saxlanılmağımız ictimailəşəndən sonra isə sərbəst buraxıldıq”, – o deyib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, Dilqəm İsmayılov və Anar Əliyev Sinaqoq ətrafında çəkiliş apardıqlarına görə polis əməkdaşları tərəfindən polis bölməsinə dəvət ediliblər.
“Onlarla izahedici söhbətlər aparıldıqdan sonra sərbəst buraxılıblar” – deyə , DİN-dən məlumat verilib.
AzadlıqRadiosu