Avropa Şurası Parlament Assambleyası üzv ölkələri, o cümlədən Azərbaycanı siyasi məhbusları azad etməyə çağırıb

tərəfindən Gozetci

Avropa Şurası Parlament Assambleyasının binası

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koksun siyasi məhbusların olduğu ölkələr kimi sadaladığı ölkələrin sırasındadır. AŞPA Prezidenti üzv ölkələri siyasi məhbusları həbsdən azad etməyə çağırıb.

Oktyabrın 30-da Siyasi Məhbus Günü ilə əlaqədar Koks deyib: “1974-cü ilin bu günü SSRİ-də siyasi məhbuslar saxlanılmalarına etiraz əlaməti olaraq ümumi aclıq aksiyası elan etmişdilər. 2023-cü ildə bu gün yenə kifayət qədər əlamətdar olaraq qalır. Avropada hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, siyasi rəqiblər, jurnalistlər, dindarlar və insan hüquqları, demokratiya və qanunun aliliyinə sadiq olan bir çox digər insanlar həbsdədir. Bu, sadəcə olaraq yolverilməzdir”.

O, AŞPA-nın siyasi motivlərlə həbsləri pislədiyini bildirib.

“Təkcə bu il mən dəfələrlə insan hüquqları sahəsində Vatslav Havel mükafatının laureatlarının – Osman Kavala (Türkiyə), Vladimir Kara-Murza (Rusiya), Mariya Kolesnikova və Alesya Belyatskinin (Belarus) həbsini pisləmişəm. Bizim siyasi məhbusların və hüquq müdafiəçilərinin işləri üzrə baş məruzəçiləri Aleksey Navalnı və digərlərini azad etməyə çağırıblar”, AŞPA Prezidenti qeyd edib.

Onun sözlərinə görə, assambleya üzv dövlətlərə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirmək öhdəliklərini xatırladıb, belə ki, çox sayda qərar yerinə yetirilmir. Bu qərarlar məhz siyasi motivlərlə saxlanılmış şəxslərin azad edilməsini tələb edir.

“Üzv dövlətlərin məhkəmənin qərarlarına və prosedurlara və bizim Osman Kavalanı dərhal azad etməyə çağıran 2518 saylı qətnaməmizə (2023) riayət etməməsi yolverilməzdir. Mən həmçinin assambleyamızın müvafiq olaraq 2022 və 2020-ci illərdə Rusiya Federasiyasında və Azərbaycanda siyasi məhbusların vəziyyətini qəti şəkildə pislədiyini xatırlayıram”, Koks qeyd edib.

Bu il oktyabrın 4-də “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya 235 nəfər daxildir.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib edib.

Siyahıda siyasi məhbuslar 8 qrupa bölünüb: Jurnalistlər və bloqerlər – 6 nəfər, hüquq müdafiəçiləri – 2 nəfər, müxalifət partiyaları və hərəkatların üzvləri – 11 nəfər, Almaniyadan deportasiya olunan siyasi mühacirlər – 5 nəfər, dindarlar – 171 nəfər, Tərtər işi üzrə mühakimə olunanlar – 7 nəfər, Gəncə işi üzrə mühakimə olunanlar – 22 nəfər, ömürlük məhkumlar – 11 nəfər.

“Jurnalistlər və bloqerlər” qrupunda jurnalistlər Polad Aslanov, Osman Rzayev, blogerlər Aslan Qurbanov, Rəşad Ramazanov və Bəxtiyar Hacıyev yer alıb. Bu siyahıda ölkənin şimal regionundan olan bloger Cəmil Məmmədli yenidir.

“Hüquq müdafiəçiləri”ndən ibarət ikinci qrup yenidir və iyulun 31-də açıqlanmış əvvəlki siyahıda (ümumilikdə, bu siyahıda 204 nəfər olub) olmayıb.

Hüquq müdafiəçisi Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, bu qrupda Göyçay rayonundan olan hüquq müdafiəçisi Taleh Xasməmmədov və fəal Bəxtiyar Hacıyevin ictimai müdafiəçisi Rail Abbasov var.

“Müxalifət partiyaları və hərəkatların üzvləri” qrupunda 11 nəfər var. Siyahıya Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Zamin Salayev, Niyaməddin Əhmədov, Şahin Hacıyev, Aqil Hümbətov, Elxan Əliyev, Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu, keçmiş deputat Nazim Bəydəmirli daxildir. Həmkarlar İttifaqları fəalları Afiəddin Məmmədov, Elvin Mustafayev və Ayxan İsrafilov, eləcə də Azərbaycan Talışları İctimai Şurasının üzvü Ruslan Vahabov bu qrupda yenidir.

“Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər” qrupunda əvvəlkitək beş nəfər var: Siyasi fəallar Pünhan Kərimli, Cəfər Mirzəyev, Malik Rzayev, Mütəllim Orucov və Samir Aşurov.

“Dindarlar” qrupuna 171 soyad, o cümlədən “Nardaran işi” üzrə fiqurantlar, bir neçə ilahiyyatçı, habelə ötən ilin yayından bu ilin sentyabrına qədər həbs olunmuş dindar qrupu daxildir. Əvvəlki siyahı ilə müqayisədə bu kateqoriyadan bir dindar çıxıb (Ceyhun Babaşov səhhətinin kəskin pisləşməsi səbəbindən həbsdən azad edilib). Lakin siyahıda “Müsəlman Birliyi” Hərəkatı İdarə Heyətinin üzvü Ağəli Yəhya da daxil olmaqla, 25 yeni dindar yer alıb. Həbs olunanların hamısı narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Siyasi məhbusların siyahısında hələ də “Tərtər işi” üzrə 7, “Gəncə işi” üzrə 22 nəfər var. Digər 11 siyasi məhbus ömürlük həbs cəzası çəkir.

Sonuncu qrupdan olanlar 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin qiyamı və digər hərbi cinayətlərlə əlaqədar güllələnməyə məhkum ediliblər. 1998-ci ildə Milli Məclisin qərarı ilə ölüm hökmü ləğv edildikdən sonra onların barəsində ən yüksək cəza tədbiri ömürlük həbs cəzası ilə əvəz olunub. Ancaq qanunun geriyə qüvvəsi yoxdur. Odur ki, hüquq müdafiəçilərinin fikrincə, ölüm cəzası alternativ cəza, o ankı maksimum cəza – 15 il həbs müddətilə əvəz olunmalıydı.

Öz növbəsində, Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə siyasi iradəsinə görə insanların təqib edilmədiyini bildirir və siyasi məhbusların olmasını qəbul etmir. Rəsmi Bakı bəyan edir ki, Azərbaycanda insanların fundamental azadlıqları tam təmin olunub. İnsanların internetə tam sərbəst çıxışı var və sosial şəbəkələrdən istifadə ilə bağlı hər hansı qadağa mövcud deyil. Bununla yanaşı Azərbaycan beynəlxal azadlıq indeksində 170 ölkə sırasında 151-ci yerdədir.

Avropa Şurası Parlament Assambleyası 2020-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az