Samir Aşurovun ailəsinə təzyiq edildiyi deyilir

tərəfindən Gozetci

Samir Aşurov

Avqustun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyadan deportasiya edilərək Azərbaycana qaytarılan və aprelin 19-da Bakıda həbs edilən Samir Aşurovun növbəti məhkəmə iclası keçirilib.

Prosesdə iştirak edən hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə bildirib ki, proses 24-cü polis bölməsinin əməkdaşlarından olan Nəriman Səfərov adlı şəxsin dindirilməsi ilə davam edib:

“Şahid ifadəsində hadisə yerinə gələn zaman artıq hadisənin bitdiyini söyləyib. Şahidin sözlərinə görə, o, nə zərərçəkəni, nə də hadisəni görüb. Samir Aşurovun vəkili Elçin Sadıqov və Samir Aşurov dindirilən şahidə suallar verdi. Lakin, gözlədiyimiz kimi, şahid suallara cavab vermədi. O detalları xatırlamadığını bildirərək suallardan yayındı”.

Növbəti məhkəmə iclası sentyabrın 6-na təyin edildi.

Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova Amerikanın səsinə açıqlamasında bildirib ki, təzyiqlərə məruz qaldığı üçün Azərbaycanı tərk etməli olub:

“Həyat yoldaşım Samir Aşurovu müdafiə etdiyim üçün, eyni zamanda, ictimai fəallığıma, tədbir və toplantılarda aktiv iştirak etdiyim görə, məni xarici nömrələr vasitəsilə hədələyiblər. Uşaqlarımla təhdid edirlər. Bir çox izləmələrin şahidi olmuşam. “Facebook” profillərdən hədə-qorxu mesajı göndərirdilər. Yaşadığım yerə polis əməkdaşları gəlib məni sorğu-sual etdi və ev sahibinin nömrəsini istədi. Mən də verdim. 2 gün sonra ev sahibi müxtəlif bahənələr gətirərək evi tərk etməyimi tələb etdi. Bir çox evlərə baxdım, anlaşdım, sonra isə zəng edib alınmayacağını bildirirdilər. Eyni zamanda “ailən var, uşaqların var” deyə Samirə də psixoloji təzyiq edirdilər. Mən bu təzyiqlə tap gətirə bilmədim və ölkəni növbəti dəfə tərk etmək məcburiyyətində qaldım’’, deyə Nuranə Aşurova bildirib.

Xatırlatma

Samir Aşurov martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham edilib (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi – xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). Bu ittihamla o, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər.

İyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi – 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb. Ötən ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal – Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar. Lakin Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddialarını təkzib edir.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az