Nazim Bəydəmirliyə ailəsi ilə görüş verilmədiyi bildirilir

tərəfindən Gozetci

Nazim Bəydəmirli

Milli Məclisin keçmiş deputatı, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Nazim Beydəmirli məhkəmənin qərarına baxmayaraq, hələ də ailə üzvlərilə görüşə bilmir.

Onun xanımı Fəridə Bəydəmirli bildirib ki, məhkəmənin qərarı hələ də ailəyə təqdim edilməyib və  Penitensiar Xidmətin elektron sistemində yerləşdirilməyib.

“Nazim saxlanma şəraitindən razı deyil. Kamerada Onunla birlikdə 13-14 nəfər var”, – o deyib.

Penitensiar Xidmət Nazim Beydəmirlinin saxlanma şəraiti və ailəsilə görüşlərinin gecikməsinin səbəbləri barədə sorğuya hələlik cavab verməyib.

Avqustun 23-də Nazim Bəydəmirlinin qaynatası, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Rüfət Rüstəmov prezident İlham Əliyevə açıq məktubla müraciət edib.

O qeyd edir ki, Nazim Bəydəmirli öz vətəndaş mövqeyini ifadə etdiyinə görə təqib olunduğunu düşünür. Professor yazır: “Siz özünüz dəfələrlə vətəndaşları vacib məsələlərlə bağlı fikirlərini bildirməyə çağırmısınız”.

İndiki halda söhbət Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədənində ekoloji pozuntulardan gedir.

Rüfət Rüstəmov dövlət başçısından Bəydəmirlinin işini öz şəxsi nəzarətinə götürməyi xahiş edir.

Bu arada “Müdafiə xətti” hüquq- müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, heç kəsdə şübhə yoxdur ki, Nazim Bəydəmirliyə qarşı “ittihamın siyasi əsası var”.

“Heç kimə sirr deyil ki, keçmiş deputat i Söyüdlü kəndindəki ekoloji problemləri sosial şəbəkələrdə, KİV-də qaldırıb, müvafiq dövlət orqanlarının qanunazidd hərəkətlərini, ya da hərəkətsizliyini tənqid edib. Etirazçılar və kəndlilər polis və yerli hakimiyyətin hücumuna məruz qalanda səsini ilk qaldıran ziyalılardan olub.

Məhz bu məmurlar dövlət başçısını Bəydəmirlinin yerli sakinlərin etirazlarının təşkilatçısı olduğuna inandırıblar”, – o bildirib.

İyulun 5-də hakim Vüsal Qurbanovun sədrliyilə Nərimanov Rayon Məhkəməsi Nazim Bəydəmirlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirini seçib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Bəydəmirli bir vətəndaşın müraciəti əsasında saxlanılıb. Həmin şəxs bildirib ki, Nazim Bəydəmirli ondan 50 min manat tələb edib. İmtina edəcəyi təqdirdə onu rüsvayedici görüntülərin dərcilə hədələyib.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az