Mütəxəssis hesab edir ki, kənd təsərrüfatı məhsullarının sahədə ucuz, bazarda baha olmasının qarşısı hökumət tərəfindən tənzimlənməlidir
Pomidor yetişdirən fermerlər məhsulun aşağı qiymətə satılmasından, eləcə də bazarlardakı vəziyyətdən narazılıq edirlər.
“Qara günlərimiz oliqarx məmurların bu sahəyə yatırımlarından sonra başladı. Hazırda sahələrdə pomidor 20 qəpikdən təklif edilir. 20 qəpik isə çəkilən xərcin heç 30 faizini ödəmir”, – xaçmazlı fermer Məhəmməd Məmmədov belə deyir.
Onun sözlərinə görə, pomidoru soyuducu anbarlarda saxlamaq sərfəli deyil. Kütləvi satış üçün bazar da yoxdur. Fermerlərin çoxuna məhsulu topdansatış 15 qəpikdən satmağı təklif edirlər:
“Rusiya bazarına da oliqarxların istixana şəraitində yetişdirdiyi pomidorlar daşınır. Oliqarx məmurlar damcı suvarılma sistemindən istifadə etdiyinə görə dövlətdən yardım da alırlar. Bəzən ziyana düşsələr də, 5-10 min manat onlar üçün heç nədir, amma kəndli aylarla əziyyət çəkir ki, banklardan götürdüyü kreditləri, aldığı borcları məhsul hesabına ödəsin. Üstəlik bir müddət ailəsini də dolandıra bilsin”.
Adının açıqlanmasını istəməyən başqa bir fermer deyir ki, Xaçmazda hektarlarla pomidor sahəsi olan oliqarxlar var. Həmçinin onun kimi bu il ziyana düşən fermerlər də çoxdur:
“Kasıb təbəqənin bir manat qazancına da göz tikiblər”.
Xaçmaz Aqrar İnkişaf Mərkəzindən fermerlərin qiymətlə bağlı şikayətinə şərh vermək istəməyiblər. Bildiriblər ki, pomidorun qiymətini dövlət tənzimləmir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə Meydan TV-yə bildirib ki, bu sahə dövlət tərəfindən tənzimlənməlidir.
“Kənd təsərrüfatı məhsullarının sahədə ucuz, bazarda baha olmasının qarşısı hökumət tərəfindən tənzimlənməli, xüsusi tədbirlər həyata keçirilməlidir, tənzimləmə proqramları tətbiq edilməlidir”,- Akif Nəsirli deyib.
Mütəxəssisin sözlərinə görə, görüləcək tədbirlərin biri də fermerlərin anbarlara əlçatanlığıdır:
“Fermerlər məhsullarını anbarlarda saxlaya bilmirlər və bu da qiymətlərə təsir göstərir. Fermerin məhsulu saxlaması üçün mütləq anbarlara ehtiyacı ödənilməlidir”.
Akif Nəsirlinin fikrincə, fermerlərlə maariflənmə işi də aparılmalı, onlara başa salınmalıdır ki, aşağı keyfiyyətli bol məhsul əvəzinə yüksək keyfiyyətli məhsul yetişdirmək daha səmərəlidir. Fermerlərlə maarifləndirmə işi istənilən səviyyədə aparılmır. Nəticədə məhsul bol, keyfiyyət isə aşağı olur. Fermer qazancdan çox ziyanla üzləşir.
Mütəxəssis deyib ki, əksər ölkələrdə məhsullar bağlı konkret standartlar var. Aşağı standartlı məhsul qəbul edilmir:
“Doğrudur, Rusiya Azərbaycan pomidoru ilə bağlı bəzi məsələlərdə bu standartlara diqqət yetirmir. Yəni fermerlər get-gedə dünya bazarlarına çıxarılacaq standartlarda məhsullar yetişdirməklə məşğul olmalıdırlar ki, Rusiya bazarına çıxış məhdud olduqda başqa bazar axtara bilsinlər”.
Hazırda Xaçmaz bazarında pomidorun kiloqramı 20-22 qəpik, Bakı bazarlarında isə 60 qəpik-1 manat, iri ticarət mərkəzlərində isə 1 manat-2 manat arasında dəyişir.
Meydan TV