Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanı “Məmmədli qrupu” üzrə qərarların icrasına çağırıb

tərəfindən Gozetci

Avropa Şurası

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanı növbəti dəfə “Məmmədli qrupu Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsi qərarlarının icrası üçün təcili tədbirlər görməyə çağırıb.

Nazirlər Komitəsi 5-7 iyun tarixlərində Strasburqda keçirdiyi iclasın yekununda qəbul etdiyi qərarda ictimai-siyasi fəallara tam bəraət verməyə çağırıb.

“Məmmədli qrupu” işləri Azərbaycanda 2013-2016-cı illərdə vətəndaş cəmiyyəti fəallarının, jurnalist və hüquq müdafiəçilərinin fəaliyyətilərinə və hökumətə qarşı tənqidi mövqelərinə görə siyasi təqiblərə və həbslərə məruz qalması ilə bağlıdır. Bu qrupda Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Qiyas İbrahimov və Bayram Məmmədov, Arif və Leyla Yunusların işləri yer alır.

Avropa İnsan Hüquqları Konvensiyanın 18-ci maddəsinin pozuntusunun tanındığı bu qrup işi ilə bağlı komitə hökumətin cinayət qanunvericiliyindən sui-istifadə yolu ilə öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını, jurnalist və hüquq müdafiəçilərini təqib və həbslərə məruz qoyduğunu bir daha xatırladıb.

Fərdi tədbirlər baxımından komitə yeddi ərizəçinin məhkumluğunun ləğv edilməsini və bu məhkumluqların onların cinayət qeydlərindən silinməsini, onlara qarşı irəli sürülən ittihamların bütün digər nəticələrinin aradan qaldırılmasını tələb edir. Komitə Azərbaycan hakimiyyətini bu işlərə Ali Məhkəmənin Plenumunda heç bir gecikmə olmadan yenidən baxılması üçün zəruri addımları atmağa çağırır.

Ümumi tədbirlərə gəlincə, komitə Azərbaycan Ali Məhkəməsinin bu qrup üzrə ərizəçilərin hamısının məhkumluqlarının ləğv etməsini siyasi motivli həbslərə qarşı ardıcıl milli məhkəmə təcrübəsinin yaradılması üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edir.

Azərbaycan hökuməti, həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi və Məhkəmə Hüquq Şurasının fəaliyyətini Avropa Şurası standartlarına uyğunlaşdırılması yolunda səyləri davam etdirməyə çağrılır.

Eyni zamanda “18-ci maddə işləri” kimi tanınan bu qrupda daha əvvəl İlqar Məmmədov, Rəsul Cəfərov və Nida Vətəndaş Hərəkatının keçmiş üzvlərinin işləri də yer alıb. Azərbaycan Ali Məhkəməsinin Plenumu 2020-ci ilin aprelində Real Partiyasının sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində bəraət qərarı çıxarıb. Daha sonra keçmiş nidaçı fəallardan Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli və Zaur Qurbanlı 2021-ci ilin noyabrında, Məmməd Əzizov və Şahin Novruzlu isə 2022-ci il sentyabrında bəraət alıb.

Nazirlər Komitəsinin Məmmədov və Cəfərov barəsində çıxarılmış bəraət qərarı əsasında digər bütün ərizəçilərə də bəraət verilməsinə dair davamlı çağırışlarına baxmayaraq, yerdə qalan yeddi ərizəçi ilə bağlı bu hələ baş verməyib.

Azərbaycan hökuməti Nazirlər Komitəsinə daha əvvəlki təqdimatlarında bu işlərə Ali Məhkəmənin Plenumunda ən qısa zamanda baxılacağını bildirib.

Nazirlər Komitəsinin gündəliyindəki digər iş – “Makuçyan və Minasyan Azərbaycan və Macarıstana qarşı” işinin müzakirəsi isə komitənin dekabr ayındakı iclasınadək təxirə salınıb.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az