Zamin Salayev: “Yaxınlarımla halallaşmışam, ölümümü gözləyirəm…”

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin həbsdə olan sədri Zamin Salayev (yaxınları və partiya üzvləri onu Əlizamin adlandırır-red.) 94 gündür aclıq etdiyini deyir. Onun sözlərinə görə, bu müddətdə 47 kiloqram çəki itirib və 118 kiloqramdan 71 kiloqrama düşüb.

“Artıq aclığın 94-cü günündəyəm. İki gün əvvəl vəziyyətim çox pis idi. Təzyiqim 60-40-a, hərarətim 33 dərəcəyə düşmüşdü. Təcridxanada zabit heyəti, həkimlər – hamı oradaydı…”, – Salayev mayın 11-də Qaradağ rayon Məhkəməsində hakimin aclığı davam etdirib-etdirməməsi haqda sualına cavab verərkən bildirib.
Salayevin zahiri görünüşündəki dəyişiklik aşkar görünür. O, ayaq üstdə dayanmaqda, hərəkət etməkdə çətinlik çəkir. Hakim Rufan Mürsəlov bunu nəzərə alaraq, ifadə verərkən, sualları cavablandırarkən ayağa qalxmadan, əyləşmiş vəziyyətdə danışmağa icazə verib.
AXCP funksioneri bədənində yaranmış yaraları da məhkəmə prosesini izləyənlərə göstərib. Deyib ki, uzun müddət qida qəbul etmədiyinə görə bədənində yaralar əmələ gəlib.

Prokuror ittiham aktını elan edib. Orada göstərilib ki, Salayev fevralın 6-dan 7-nə keçən gecə Lökbatan dairəsi adlanan ərazidə Natiq Süleymanov adlı şəxslə mübahisə edib. Onu öncə söyüb, sonra yumruqla vurub, ardınca da bıçaqla xəsarət yetirib.
Salayev ittihamda yazılanların uydurma olduğunu bildirib. Onun sözlərinə görə, Salyana qayıtmaq üçün öncədən sifariş etdiyi taksiyə minməyə gedəndə bir nəfərin söyüş söyə-söyə üstünə gəldiyini görüb. Dərhal ona qarşı təxribat olduğunu başa düşüb. Həmin şəxsi itələyib qaçmaq istəyəndə ətrafdan polislər çıxıb, əllərini qandallayıb aparıblar.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az