Qazi polisdə döyüldüklərini deyir: “Köşkümüzü də aldılar”

Daxili İşlər Nazirliyi iddiaları qəbul etmir

tərəfindən Gozetci

Fotolar: Meydan TV

İkinci Qarabağ müharibəsi iştirakçısı, üçüncü qrup əlil Xaris Ramin oğlu Nəsirov Abşeron Rayon Polis İdarəsində şiddət və işgəncələrə məruz qaldığını deyir.

Vətəndaş Meydan TV-yə bildirib ki, müharibə iştirakçıları Müseyib Qəhrəmanov, Rauf Cabbarov və Nəzər Məmmədovla birgə 2023-cü il aprelin 27-də Abşeron rayonu ərazisində xırda ticarət fəaliyyəti ilə əlaqədar köşk qoyublar.

Aprelin 28-də onları Abşeron Rayon Polis İdarəsinə apararaq işgəncələr veriblər:

Foto: Xaris Nəsirovun şəxsi albomundan

Dörd nəfər qaziyik. Maddi imkanımız çox pis olduğu üçün “qanpulu”muzdan atışıb, üç min manata kiçik köşk aldıq. Xırdalan qəbristanlığının qabağında qoyduq. Gəlib, bizə dedilər ki, ya on min manat pul verin, ya da köşkü götürün. Biz də bildirdik ki, bu qədər pulumuz yoxdur”.

“Bundan sonra əraziyə iyirmi nəfərdən ibarət Çevik Polis Alayı gəldi. Bizi əl-ayaq edib, gözümüzə bibər qazı vurub, Abşeron Rayon Polis İdarəsinə apardılar. Saxlama otağında bizi ayaqyalın üç-dörd saat saxladılar”, – deyə o bildirib.

Xaris Nəsirov deyir ki, polis əməkdaşlarına evə buraxılmaqlarını xahiş edəndən sonra onlara fiziki təzyiqlər olub:

“Dedik ki, evdə ailələrimiz narahatdır. Bizi buraxın, çıxıb gedək. Bunu dediyimizə görə bizi söyüb, döyməyə başladılar. Mən epilepsiya xəstəsiyəm. Zərbələrdən, epileptik tutmalarım başladı. Bunlar da elə bildilər ki, yalandan edirəm. Buna görə də məni daha möhkəm döyməyə başladılar. Ağzıma təpiklə necə zərbə ilə vurdularsa, üç dişim qırıldı. Məni yerə yıxıb, üzərimdə gəzirdilər. Elə döyülmüşəm ki, baş ağrılarım indi də keçmir. Nəfəs ala bilmirəm”.

Vətəndaş bildirir ki, hadisədən sonra aldıqları köşkü onlara geri qaytarmayıblar:

Hazırda köşkümüzü də əlimizdən alıblar, vermirlər, yerini demirlər. Üç min manata almışdıq. İdarənin rəisi Musa Musayev vəzifəsindən sui-istifadə edərək mənə işgəncə veriblər. Belə haqsızlıq olmaz. Mən “Suqovşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam. Dolanışıq üçün nəsə iş görmək istədim. Maddi, mənəvi və fiziki təcavüzə məruz qaldım”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Nurlan Əliyev Meydan TV-yə bildirib ki, hansısa ünvanda, küçədə, prospektdə köşkün qoyulması polisin səlahiyyətinə aid olan məsələ deyil:

“Bu barədə köşk qoymaq istəyən şəxs müvafiq icra hakimiyyəti orqanından icazə almaqla həmin yeri müəyyənləşdirilməlidir. Həmin yerdə qoyulan qanunsuz köşklə bağlı müvafiq tədbir görülüb. Şəxslər polis orqanına dəvət olunub. Onlarla izahedici, profilaktik söhbət aparılıb. Vətəndaşların hər hansı qeyri-insani rəftar və digər hüquqa-zidd hala məruz qalması ilə bağlı xüsus yoxdur. İddiaları qəti şəkildə təkzib edirik”.

“Elə bir hal, iddia mümkün deyil ki, Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri nəsə tələb etsinlər. Döyüşçülər icra hakimiyyətinə rəsmi müraciət edib, rəsmi də cavab alsınlar”, -Abşeron Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az