Əvəz Zeynallı: “66 gün təkadamlıq kamerada saxlanıldım…”

tərəfindən Gozetci

“İstintaq İdarəsinin rəis müavini dedi ki, Əvəz Zeynallının üzünə durmasa, həbs olunacaq…”

“Xural TV” internet televiziyasının rəhbəri, 7 aydır həbsdə olan Əvəz Zeynallının məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır.

Əvəz Zeynallı “Səda TV”nin internet televiziyasının əməkdaşı Elnur Şükürovla birlikdə mühakimə olunur.

Martın 27-də məhkəmənin hazırlıq iclası keçirilib. Əvəz Zeynallı bildirib ki, barəsindəki cinayət işi saxtadır, sifarişlə həbs olunub. Məqsəd isə onu susdurmaqdır.

Əvəz Zeynallının sözlərinə görə, onu vəzifəli şəxs kimi rüşvət almaqda ittiham eləmək üçün “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru kimi təqdim edirlər:

 “Halbuki, “Xural yayınları”nı son bir ayda yaratmışdıq, heç bir fəaliyyəti də yox idi. Mən vəzifəli şəxs olmamışam. Mən məmurların korrupsiyasını sərt tənqid edən jurnalist olmuşam. Bu, azad sözün həbsidir. Bu cinayət işi birinci səhifəsindən sonuncusuna qədər səhvdir, saxtadır. Mən çox və sərt danışdığıma görə tutulmuşam. 66 gün təkadamlıq kamerada saxladılar. 144 gün ailəmin, uşağımın səsini eşitməmişəm. Bu gün həbsimin 199-cu günüdür. Hansısa sarıbaş, yaşılbaş məmurun sifarişiylə buradayam…”.

Əvəz Zeynallı bildirib ki, onunla eyni cinayət işi üzrə həbs olunmuş, sonradan ev dustaqlığına buraxılmış vəkil Elçin Sadıqovun qarşısına şərt qoyulub. O iddia edir ki, Elçin Sadıqovdan onun əleyhinə ifadə vermək tələb olunub.  Əvəz Zeynallının iddiasına görə, Baş Prokurorun müavini Elçin Məmmədov bunu tələb edib:

“O da bu şərtlə razılaşıb və azadlığa çıxıb”.

Dövlət ittihamını müdafiə edən prokuror Eldar Həmzə məhkəmə iştirakçılarına məlumat verib ki, Elçin Sadıqov haqqında cinayət işi ayrılıb və istintaq davam edir.

Təqsirləndirilən Elnur Şükürov bildirib ki, ondan da Əvəz Zeynallının əleyhinə ifadə vermək tələb olunub. Lakin razılaşmadığına görə həbs edilib:

“Mən Əvəz Zeynallının üzünə durmadığıma görə tutulmuşam. Ondan sonra da məndən əl çəkmədilər. DTX-da da mənə təzyiq edirdilər. Kərəm Həsənovun adından yanıma adamlar göndərib mənə təzyiq göstərirdilər. Düz beş ay mənə Lotu Qulinin ölüm işi ilə əlaqədar təzyiqə məruz qalmışam Əvəz Zeynallıya görə. Mən Əvəz Zeynallının əsirliyində olmuşam, qardaşlarım da mənim. Qardaşlarımı da rahat qoymurdular, onların da başına oyunlar açıblar…”.

Elnur Şükürovun vəkili Ramil Əliyev də onun dediklərini təsdiqləyərək bildirib ki, istintaq dövründə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Mehman Hümbətov (hazırda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində İstintaq İdarəsinin rəisi) onu yanına çağırıb:

Mənə dedi ki, Elnurla danışım. Tələb bu idi ki, Elnur Şükürov Əvəz Zeynallının üzünə dursun, yoxsa həbs olunacaq. Mən də dedim ki, bir neçə dəqiqə vaxt verin, bu barədə özü ilə danışım. Vaxt verildi, danışdım. Elnur Şükürov qəti olaraq bu razılaşmanı rədd etdi. Bundan sonra Mehman Hümbətov müstəntiq Teymur Qarayevə dedi ki, “bunlar adam dilindən başa düşmür”. Göstəriş verdi ki, həbslə bağlı sənədləri hazırlasın. Bu ifadə ilə o, faktiki vəkil olaraq, məni də təhqir elədi. “Bunlar adam dilində başa düşmür” nə deməkdir?”.

Məhkəmədə vəkillər bir sıra vəsatətlər qaldırıblar. Əvəz Zeynallının vəkillərindən Fəxrəddin Mehdiyev təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılması və müdafiəçilərin yanında əyləşməsi haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, bu, həm Avropa Məhkəməsinin presendent qərarlarına uyğun olardı. Məsələn, Natiq Cəfərli Azərbaycana qarşı qərarında Avropa Məhkəməsi şəxsin məhkəmə zalında dəmir qəfəsdə saxlanmasını pozuntu hesab edib, buna görə dövləti cərimələyib. Üstəlik, vəkillərin müvəkilləri ilə məsləhətləşməsi baxımından bu vacibdir.

Fəxrəddin Mehdiyev həmçinin cinayət işinə xitam verilməsini də istəyib. Onun sözlərinə görə, bu cinayət işinin istintaqında çoxsaylı qanun pozuntularına yol verilib.

Əvəz Zeynallının vəkili Rəşad Əliyev onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Bu vəsatəti digər vəkil Aqil Layıc da müdafiə edib:

“Necə olur, milyonlarla yeyintidə ittiham olunan gömrük generalları ev dustaqlığına buraxıla bilər, amma Əvəz Zeynallı haqda verdiyimiz çoxsaylı ev dustaqlığı vəsatətələrinin heç biri təmin olunmur. Halbuki, o, tanınmış jurnalistdir, həbsdə saxlanması üçün heç bir əsas yoxdur”.

Aqil Layıcın daha bir vəsatəti Baş Prokurorluğun vəzifəli şəxslərindən Mehman Hümbətov haqqında xüsusi qərar çıxarılması, bu cinayət işinin istintaqa qaytarılması haqda olub. Vəkilin sözlərinə görə, Mehman Hümbətovun əməlində Cinayət Məcəlləsinin 288-ci (Ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə) maddəsinin tərkib əlamətləri var:

“Onun bu işə nə aidiyyəti var ki, gəlib Elnur Şükürova təzyiq göstərsin, vəkili və onun müdafiə etdiyi şəxsi təhqir eləsin? Bu, hüquq adına terrordur”.

Əvəz Zeynallı özü isə məhkəmə prosesinin böyük zalda keçirilməsini istəyib. O bildirib ki, prosesi izləməyə gələnlərin əksəriyyəti məhkəməyə daxil ola bilməyib.

Hakimlər qaldırılan vəsatətlərdən yalnız məhkəmə prosesinin böyük zalda keçirilməsi haqda vəsatəti təmin edib. Digər vəsatətlərin heç biri təmin olunmayıb.

Əvəz Zeynallının işi üzrə məhkəmə baxışı aprelin 10-na təyin edilib.

Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1 (bir qrup şəxs tərəfindən dələduzluq), 311.3.2, 311.3.3, 311.3.4 (külli miqdarda, hədə-qorxu ilə, təkrar rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələrilə ittiham irəli sürülüb. Elnur Şükürova isə yalnız Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 maddələrilə ittiham verilib.

Əvəz Zeynallı sentyabrın 10-da rüşvət ittihamıyla həbs edilib. Bu ittiham “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. “Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Cinayət işində rüşvət ittihamı üzrə başqa bir epizod isə “Azəryolservis” ASC rəhbərliyindən rüşvət alınması iddiasıyla bağlıdır.

Ancaq Əvəz Zeynallı bu ittihamları rədd edir, özünü təqsirli bilmir. O, istintaqda ifadə verməkdən imtina edib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az