Əvəz Zeynallı və Bəxtiyar Hacıyevlə bağlı İlham Əliyevə müraciət edildi

tərəfindən Gozetci
Foto: screenshot


Müraciətdə həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəzlənməsi xahiş olunur

Vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi Prezident İlham Əliyevə ictimai fəal Bəxtiyar Hacıyevin və jurnalist Əvəz Zeynallının həbs qətimkan tədbirlərinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.

Müraciətdə həbsdə olan hər iki şəxsin səhhətlərində ciddi narahatlıqların olduğuna diqqət çəkilərək dövlət başçısından onların istintaq dövründə seçilmiş həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasına köməklik göstərməsi xahiş edilir.

“Bəxtiyar Hacıyevlə Əvəz Zeynallı ictimaiyyətdə nüfuz sahibi olan şəxslərdilər; hər ikisi dövlətini sevən, xalqına bağlı olan vətənpəvər insanlardır. Onların ölkə üçün göstərdikləri peşəkar fəaliyyətlərinin nəzərə alınmasına, yaxın gələcəkdə isə günahsız olduqlarına görə tamamilə bəraət alacaqlarına ümid edərək, Sizdən bu işə humanist müdaxilə etməyinizi xahiş edirik”, – deyə müraciətdə qeyd olunub.

Müraciəti Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu İB-nin Prezidenti Sabit Bağırov, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti İB-nin sədri Şəhla İsmayıl, D. Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti İB-nin sədri Novella Cəfəroğlu, İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi İB-nin sədri Fikrət Cəfərli, İnsan Hüquqları və Qanunçuluğun Müdafiə Bürosu İB-nin sədri Səidə Qocamanlı, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İB-nin sədri Mehriban Vəzir, Hüquq və İnkişaf İB-nin sədri Hafiz Həsənov, İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədri Azər Mehdiyev və digər şəxslər imzalayıb.

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Yanvarın 21-də ictimai fəal Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin müddəti fevralın 28-nə qədər uzadılıb.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir.

Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı.

Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır.

İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir.

O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Əvəz Zeynallı 2022-ci ilin sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilmişdi.

Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.

Rüşvət ittihamı “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır.

“Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir.

O, sifarişlə həbs edildiyini bildirir.

“Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.

202-ci ilin sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs edilmişdi.

O, Rasim Məmmədovun vəkili idi.

Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.

Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir.

Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az