Aclığın 13-cü günündə professor Adil Qeybulla Bəxtiyar Hacıyevin yanına buraxılıb

tərəfindən Gozetci

Dekabrın 27-də axşam 1 saylı Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevin səhhəti kəskin pisləşib, bu barədə çərşənbə axşamı səhər ona baş çəkən vəkil Fəxrəddin Mehdiyev bildirib.

Onun sağ əli uyuşur, qanda şəkər səviyyəsi kritik səviyyəyə düşüb və o, komaya düşə bilər. Eyni zamanda, arterial təzyiqi kəskin şəkildə düşüb, deyə vəkil əlavə edib.

Bununla əlaqədar Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkimləri Hacıyevə baş çəkiblər. Professor Adil Qeybulla da onların yanında olub.

O, Turan-ın müxbiri ilə söhbətində belə deyib: “Müayinə Ədliyyə Nazirliyinin həkimlərinin iştirakı ilə aparılıb. Bəxtiyarın vəziyyəti qənaətbəxşdir, o, zəiflikdən və baş gicəllənməsindən şikayət edir.

Arterial təzyiqi 110/70, nəbzi 80, qanda şəkər səviyyəsi 5 mmol/l-dir. Çəkisi 77.6 kq-dır. Şüuru açıqdır, həyatı üçün təhlükə yoxdur”, deyə professor bildirib.

Bununla belə, Hacıyevə aclığı dayandırmaq tövsiyə olunub. Müalicə və normal su balansını təmin etmək məqsədilə Hacıyevə natrium xlorid, panangin, B1, B6, B12, C vitaminləri, ringer əlavə edilməklə, venadaxili infuziya verilib, deyə həkim qeyd edib.

“İnfuziya iki saat davam etdi və bu müddət ərzində biz söhbət etdik. Onun əhval-ruhiyyəsi stabildir, bütün yaxınlarına və dostlarına salam deyir”, deyə həkim bildirib.

Xatırladaq ki, Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai rayon məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib. Dekabrın 15-də Hacıyev həbsdən azad edilməsi tələbi ilə müddətsiz aclıq elan edəcəyini bildirib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az