Məhkəmə hüquq müdafiəçisi Elçin Məmmədi vaxtından əvvəl şərti azadlığa buraxmaqdan imtina edib

tərəfindən Gozetci

İyulun 1-də Bakının Sabunçu rayon məhkəməsi səyyar iclasında hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədin həbs cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında ərizəsini təmin etməyib. Bu barədə Turan-a onun vəkili Fariz Namazlı bildirib.

Müdafiə tərəfi məhkəmənin qərarını əsassız hesab edir və apellyasiya şikayəti vermək niyyətindədir.

Bundan başqa, iyulun 13-də Ali Məhkəmədə Məmmədin cəzasının üçdə birini çəkməsi ilə əlaqədar şərti azadlığa buraxılmasından imtina ilə bağlı verdiyi kassasiya şikayətinə baxılacaq.

Öz növbəsində, Məmmədin anası Rahilə Məmmədli Turan-a bildirib ki, oğlu iyunun 27-də əsassız cinayət təqibinə qarşı etiraz əlaməti olaraq elan etdiyi aclığı davam etdirir.

O qeyd edib ki, oğlu aclıq elan etdikdən sonra qida qəbulundan imtina etməsi ilə əlaqədar təcrid olunması bəhanəsilə karserə salınıb.

Məmmədli qeyd edib ki, oğlu bir sıra xroniki xəstəliklərdən əziyyət çəkir və aclıq edərkən karserdə saxlanılması onun vəziyyətini ağırlaşdıracaq.

“Elçin bu ümidsiz addımı mənim oğlumun uydurma ittihamla təqibi ilə əlaqədar müxtəlif orqanlara etdiyim müraciətlər nəticəsiz qaldığına görə atıb. Oğlum cinayət törətməyib. O, bir hüquqşünas olaraq insanların hüquqlarını müdafiə edirdi”, deyə Məmmədli bildirib.

* “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” QHT-nin rəhbəri və “Yüksəliş naminə” saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs edilib. Həmin il oktyabrın 17-də Sumqayıt şəhər məhkəməsi onu “oğurluqda” və “qanunsuz döyüş sursatı və silah saxlamaqda” təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib.

Amnesty İnternational, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az