Vidadi İsgəndərli: Fransa baş prokurorunun sərəncamı ilə azadlığa buraxıldım və zərəçəkmiş kimi tanındım

tərəfindən Gozetci

İyunun 16-da Fransada mühacirətdə olan azərbaycanlı hüquq müdafiəçisi Vidadi İsgəndərli bu ölkənin Mulhouse şəhərində fiziki hücuma məruz qaldıdan sonra saxlanılıb. O, iki gündən sonra Fransa Baş Prokurorunun sərəncamı ilə sərbəst buraxılıb, ona qarşı olan cinayət işi ləğv olunub və zərərçəkmiş kimi tanınıb.

İsgəndərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, ona qarşı hücumla bağlı istintaqı Fransa prokurorluğunun Xüsusi Şöbəsi aparır.

“Mən onlara hadisəni danışmışam. Qəfildən 10-12 nəfər silahlanmış insanlar məni öldürmək üçün vururdular. Bu zaman mən onların əlindən çıxa bildim, evə qaçıb bıçaq götürdüm, onlar evə girmək istəyəndə onların bir neçəsinə bıçaqla xəsarət yetirdim. Onlar bıçaqla, zəncirlə, silahla gəlmişdilər. Hətta güllə atıblar. Hadisə yerindən güllənin gilizi tapılıb. Sonra hadisə yerinə polis gəldi, onlar qaçdılar” , o qeyd edib.

İsgəndərli hücumun motivindən danışarkən deyib: “O insanlar məni qətlə yetirmək istəyirdilər. Mən iki ildir Mulhouse şəhərində yaşayıram. Mənim heç kimlə, o cümlədn yerli əhali ilə heç bir münaqişəm olmayıb. İstintaqı aparan Xüsusi Şöbə Məhəmməd Mirzəliyə, İsveçrədə Manafa (Cəlilzadə), Almaniyada digər miqrantlara qarşı hücumları bilirlər. Bunların məlumatı var ki, Azərbaycan hakimiyyəti Avropada yaşayan blogerlərə, jurnalistlərə, hüquq müdafiəçilərinə qarşı böyük bir savaş açıb”.

İsgəndərli hesab edir ki, ona qarşı hücum digərlərindən bir az fərqlidir.

“Çünki polisin verdiyi məlumata görə, onlar deyir ki, Azərbaycanda kimsə narkobaronlara çıxıb, onları maliyyələşdirib. Mənim fotomu, yaşadığım yer barədə məlumatları onlara verib. Yəni azərbaycanlıalrın deyil, Fransada yaşayan narkobaronların əli ilə məni qətlə yetirmək istəyiblər. Yəni, bu, bir təsadüfdür”.

Onun sözlərinə görə, hazırda hücum edənlər axtarılır.

“Onların izinə düşüblər. Mən yaşadığım məhəllədən dörd məhəllə aralıda “narkobaron” deyilən yer var. Aldığımız məlumata görə, hücum edənlər oranın uşaqlarıdır. Yəni cinaəyti törədən onlardır”.

İsgəndərli deyib ki, cinayət işi Fransa baş prokurorunun və daxili işlər nazirinin nəzarətindədir.

“Qolumda bıçaq yarası var, beşbarmaqla, zəncirlərlə, dəmir lomla vurulmuşam. Zərbələrin baş nahiyyəmə yönəldilməsi göstərir ki, məni öldürmək istəyiblər”.

İsgəndərlinin təhlükəsizliyinin təmini üçün onu qoruyacaq polis ayrılıb.

“Mənə evdən çıxmamağı tövsiyə ediblər. Dərman götürmək üçün yaşadığım evə gedəndə üç avtomobil polis məni müşayiət edirdi. Yəqin ki, yaxın 3-4 günə həbslər başlayacaq. Hadisə yerində olan bir türk var, onu tanıyıram. Mənim qonşumdur. Hazırda istintaq işləyir”.

O, təhlükəsizliyi ilə bağlı polis tərəfindən qabaqcadan xəbərdarlıq edildyini deyib.

“Mənə demişdilər ki, Azərbaycan hakimiyyəti sənin qətlini heç zaman açıq şəraitdə etməyəcək, ya yeməyinə, içməyinə zəhər qatacaqlar, ya avtomobil qəzası ilə edəcəklər. Bu səbəbdən heç kimlə yaxınlıq etməməyimi məsləhət ediblər. Polis deyib ki, hətta tanışım olan azərbaycanlılarla əlaqədə olmayım” , o qeyd edib.

Vidadi İsgəndərli sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini sərt tənqidləri ilə tanınır.

Rəsmi Bakı baş verənlərlə bağlı hələ münasibət bildirməyib.

Vidadi İsgəndərli 2011-ci ildə Bakıda saxlanılıb. Məhkəmə onu döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə ittihamı üzrə təqsirli bilərək 3,5 il azadlıqdan məhrum edib. O, 2012-ci ilin dekabrında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığıa buraxılıb.

Hüquq müdafiəçisi hökmü qəbul etməyib və siyasi sifariş hesab edib.

İsgəndərli 2015-ci ildə Fransaya mühacirət edib.

Fransa polisi bir neçə gün öncə bu ölkədə mühacirətdə olan Azərbaycan hakimiyyətinin sərt tənqidçisi Məhəmməd Mirzəli adlı şəxsə sui-qəsd planlaşdırdığı iddia edilən iki nəfəri həbs edib.

amerikaninsesi.org

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az