“Tərtər işi”nin ictimai tədqiqatı ilə məşğul olan hüquqşünas və fəal İlham Aslanoğlu (Təhməzoğlu) Yevlax rayon məhkəməsinin 9 iyun tarixli hökmü ilə 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, CM-in 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib.
Bu barədə Turan-a onun vəkili Hüseyn Abbasov bildirib. Onun sözlərinə görə, Aslanoğlu vətəndaş Yeganə Ələkbərovanın fərdi cinayət ittihamı qaydasında verdiyi şikayət əsasında mühakimə olunub.
Vəkil qeyd edib ki, məhkəmə prosesi mayın 10-da başlayıb və cəmi 4 iclas keçirilib. “Prosesdə vəsatətlərimizin heç biri – nə mənim, nə də Aslanoğlunun vəsatəti təmin edilməyib”, deyə vəkil bildirib.
İttihamçı AzerFreedom TV YouTube kanalında canlı yayım zamanı təhqir edildiyini hesab edib. Linqvistik ekspertiza təqsirləndirilən şəxsin əleyhinə rəy verib. Müdafiə tərəfi, müsahibənin məzmunundan da göründüyü kimi, heç bir təhqir olmadığını iddia edərək, təkrar ekspertiza haqqında vəsatət versə də, məhkəmə bu vəsatəti təmin etməyib:
Aslanoğlu məşhur “Tərtər işi”ndə hərbiçilərə və mülki şəxslərə qarşı işgəncə faktlarını açıqlayıb və zərərçəkmişlərlə müsahibə dərc edib.
Həmin iş üzrə 25 nəfərdən çox şəxs dövlətə xəyanət ittihamı ilə mühakimə edilib. Amma 2021-ci ilin dekabrında Baş Prokurorluq müttəhimlərin ailə üzvlərinin və doğmalarının, habelə ictimaiyyətin etirazlarından sonra istintaqı bərpa edib.
Bundan əvvəl Aslanoğlu “Tərtər işi” ilə bağlı bəyanatları ilə əlaqədar bir dəfə həbs edilib. Belə ki, yanvarın 28-də Yevlax rayon məhkəməsi onu 147.2-ci (ağır cinayət törətmək haqqında böhtan) təqsirli bilib və beş ay müddətinə azadlıqdan məhrum edib.
İş üzrə iddiaçı qismində 44 günlük müharibədə həlak olan Vasif Quliyevin atası Tahir Quliyev çıxış edib. İddiaya Aslanoğlunun Quliyevin 2017-ci ildə “Tərtər işi” üzrə istintaq zamanı işgəncə verilmiş baş leytenant Adil Sabirlinin ölümündə əli olduğu barədə bəyanatı səbəb olub. Bu zaman Aslanoğlu Sabirlinin atasına istinad edib. Amma apellyasiya instansiyasında fərdi ittihamçı şikayətini geri çəkib və martın 5-də məhkəmə onu azad edib.
Turan