Bakıda qadına qarşı zorakılıq: “Polis bölmələri işi bir-birinin üstünə atıb”

tərəfindən Gozetci

İyunun 7-i axşam saatlarında paytaxtın Səbail rayon ərazisində 20 yaşlı qız ailə üzvləri tərəfindən şiddətə məruz qalıb. Məsələni ictimailəşdirən sosial işçi, feminist fəal Sənubər Heydərovanın sözlərinə görə, gənc qız məcburi evliliyə qarşı çıxdığı üçün evdən qaçıb və onu tapan ailə üzvləri ona şiddət göstəriblər. Mikroskop Media-ya danışan fəal qızın sol gözünün, qollarının göyərdiyini, üzündə cırmaq izləri olduğunu bildirib.

S.Heydərova bu hadisə zamanı polis əməkdaşlarının laqeydliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, qıza qarşı fiziki şiddət Səbail rayonunda RPİ-nin 9-cu polis bölməsi ərazisində yaşansa da, məsələ həmin bölgədəki 8 daha sonra isə 41-ci polis bölməsinə yönləndirilib:

“Qızın rəfiqələrindən Bayıl qəsəbəsində yaşadığı ünvanı öyrəndik və polisə bildirdik. Bizə dedilər ki, həmin əraziyə PPX əməkdaşları göndərilib, ancaq mənzildə heç kəsi tapmayıblar. İki aktiv mobil nömrə olmasına baxmayaraq 3 polis bölməsi qurbanı tapa bilmədi. Əvvəl məlumatı Səbail rayonundakı 41,8 və 9-cu RPİ yönəltdilər. Polis əməkdaşı bildirdi ki, onların qeyd edilən 3 bölmə ilə koordinasiyası yoxdur, gərək  mən 102 xidmətinə zəng edib məsələnin Mehdibad RPİ-yə yönləndirməsini istəyim”.

Fəalın sözlərinə görə, polis əməkdaşları laqeydlik göstərdiyi üçün Mehdiabad RPİ-nə özü zəng etməli olub. Orada isə deyiblər ki, hadisə ailə münaqişəsidir və məsələyə qarışmağına ehtiyac yoxdur:

“Bölməyə zəng etdim, mənə dedilər qızı ailəsindən, anasından çox istəyə bilmərəmvə o, indi ailəsinin yanındadır. Mən hadisənin vətəndaşa qarşı zorakılıq olduğunu xatırladanda bildirdilər ki, müraciət daxil olubsa, nə lazımdı edirlər. Vətəndaş sözünü onlara mən xatırlatdım. Yoxsa, ailə, ana, bibi söhbətləri edirdilər”.

Sənubər Heydərova əlavə edib ki, zorakılığa məruz qalan gənc qız ayın 8-də qadın sığınacağına yerləşdirilib.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. O, zorakılıq və polis laqeydliyi barədə qeyd edilənlərin araşdırıldığını deyib:

“Hadisənin bütün təfərrüatları araşdırılır, nəzarətə götürülüb. Bütün iddialar yoxlanılacaq. Polis bölmələrində laqeydlik göstərilməsi də araşdırılır. Bütün hallarda gənc qızın və ailə üzvlərinin hüquqlarının qorunması istiqamətində qanunla polisin üzərinə düşən vəzifələr icra edilir”.

DİN nümayəndəsi onu da qeyd edib ki, şiddətə məruz qalan gənc qız hazırda mühafizə altındadır və təhlükəsizliyi təmin edilir.

Mikroskop Media

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az