Göyçay sakini: “5-10 manat hörmət etməsən, xəstənin üzünə də baxmırlar”

tərəfindən Gozetci

Məhəmmədəli Səmədov Göyçay Rayon Mərkəzi Xəstəxanasından şikayətçidir

“Göyçay Rayon Mərkəzi Xəstəxanasında səhiyyə sistemi olduqca bərbad vəziyyətdədir. Təəssüflər olsun ki, xəstəxananın heyəti içərisində vicdanlı və insaflı insanlar istisna olmaqla, əksər məsul şəxslər xəstələrə sırf müştəri gözüylə baxırlar”.

Bunu Meydan TV-yə Göyçay sakini, 1-ci qrup hərbi əlil Məhəmmədəli Səmədov deyir.

Məhəmmədəli Səmədov səhhətiylə bağlı demək olar ki, tez-tez TƏBİB-in tabeleiyindəki Göyçay Rayon Mərkəzi Xəstəxanasında olur. Ancaq xəstəxanadakı tibbi xidmətlərdən narazıdır. Onun sözlərinə görə, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin hər növündə xəstələrdən maddiyyat umulur:

“5-10 manat hörmət etməsən, xəstənin üzünə də baxmırlar. Məsələn, sağlamlıq haqqında arayışın dövlət rüsumu 15 manat olsa da, 30 manat, sürücülük vəsiqəsi üçün verilən arayışın dövlət rüsumu 30 manat olsa da, 50 manat tələb olunur. Dövlət rüsumundan əlavə tələb olunan məbləği ödəyən vətəndaşlar müayinədən keçmədən də arayış əldə edə bilirlər. Ancaq dövlət rüsumundan əlavə pul ödəməyən vətəndaşı süründürürlər, get-gələ salırlar”.

Məhəmmədəli Səmədovun sözlərinə görə, EKQ müayinəsinə görə xəstələr 10 manat ödəyirlər. Qeysəriyyə əməliyyatına görə xəstələrdən 500 manat alınır. Deyir, rayonun yeganə iri və mərkəzi xəstəxanası hesab olunsa da, müayinə aparatları ya yoxdur, varsa da işləmir:

“Məsələn, KT müayinə aparatı var, ancaq işləmir. Nə vaxt soruşsan, deyirlər, xarabdır. Səhlənkarlıq, məsuliyyətsizlik üzündən təmiriylə maraqlanan yoxdur. Xəstə də məcburdur ki, bu aparatla müayinə olunmaq üçün özəl klinikaya gedib 90 manat ödəsin. EXO müayinəsi aparatından istifadə üçün cəmi bir mütəxəssis var, o da xəstəxananın direktoru Yaşar Əhmədovun idarəçiliyi altında işləmək istəmədiyi üçün işdən çıxıb. İki aydan çoxdur ki, müayinə otağının qapısı bağlıdır. Xəstələr məcburdurlar ki, həmin aparatdan özəl klinikada 30 manat ödəməklə keçsinlər. Onu da deyim ki, Yaşar Əhmədovun idarəçiliyi altında işləmək istəməyən təkcə EXO müayinə üzrə mütəxəssis deyil, daha üç işçi də var”.

Məhəmmədəli Səmədov

Məhəmmədəli Səmədov deyir, xəstəxana həkimləri xəstələrə lazımsız və baha qiymətə dərman reseptləri yazırlar ki, bunun da səbəbi var:

“Xəstəxana daxilində yazıb divara yapışdırıblar ki, “”dərman firması işçilərinin xəstəxanaya girişi qadağandır”. Ancaq günün hansı saatında xəstəxanaya yolunuz düşsə, görərsiniz ki, dərman firmalarının işçiləri xəstəxana dəhlizlərində dolaşır, həkimlərlə dərman haqq-hesabı aparır. Həkimlər də həmin dərman firmalarından faiz əldə edirlər deyə, xəstələrə lazım oldu-olmadı, palaz-palaza dərman reseptləri yazıb verirlər, xəstələrə psixoloji təsir göstərirlər, sanki xəstənin taleyi bu dərmanlardan asılıdır və sair…”.

“Onu da deyim ki, xəstəxananın dörd bir tərəfində və daxilində müşahidə kameraları quraşdırılıb, o firma işçilərinin xəstəxana daxilində sərbəst gəzib-dolaşmalarını baş həkim də, direktor da yaxşı görür. Firma işçiləri onlara hər ay görüm-baxım etdikləri üçün sərbəstlik imkanları əldə edirlər”, – şikayətçi deyir.

Göyçay Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, Məhəmmədəli Səmədov xəstəxananın poliklinika şöbəsinin nevroloji kabinetində qeydiyyatdadır. Sonuncu dəfə martın 9-da nevropotoloqun qəbulunda olub. Vətəndaşın müraciətinə uyğun olaraq icbari tibbi sığorta çərçivəsində fevralın 28-də xroniki polineyropatiya diaqnozu ilə Respublika Kliniki Xəstəxanasına göndərilib:

“Məlumat üçün bildirək ki, vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətin göstərilməsi mümkün olmadığı halda Bakı və ya ətraf ərazilərdəki digər ixtisaslaşdırılmış xəstəxanalara göndəriş verilə bilir. Sorğuda vətəndaşlardan pul tələb edidiyi ilə bağlı iddia həqiqəti əks etdirmir. Qeyd edək ki, vətən müharibəsi iştirakçılarına, qazilərimizə xidmət hər kəs kimi tibb işçilərinin də müqəddəs borcudur”.

Məhəmməd Səmədovsa Göyçay Rayon Xəstəxanasında qarşılaşdığı və müşahidə etdiyi qanunsuzluqlarla bağlı həm də Prezident İlham Əliyevə şikayət məktubu göndərib. O xahiş edib ki, xəstəxanada şikayətçi vətəndaş kimi onun iştirakıyla sadaladığı faktlarla bağlı araşdırma aparılsın.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az