İlkin Süleymanova qarşı sui-qəsd planlaşdırılır?

tərəfindən Gozetci

“Bilmirəm məqsəd nədir, mənim şəklimi qaçmağa meylli şəxs kimi divara vurublar. Xahiş edirəm, bu məsələ araşdırılsın…”

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra isə kənddə yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmə araşdırmaları davam edir. Aprelin 11-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında azyaşlının ölümündə təqsirləndirilən İlkin Süleymanov və vəkili Əlibaba Rzayev ona qarşı sui-qəsd planlaşdırılması və intihar kimi təqdim olunması haqda yayılan məlumatlar haqda danışıb.

İlkin Süleymanov bildirib ki, saxlandığı istintaq təcridxanasında qaçmağa meylli şəxslər sırasında fotosunu divara vurublar:

“Vəkilim Zabil Qəhrəmanov bunu görüb, mənə də məlumat verdi. Bilmirəm məqsəd nədir, amma mənim qaçmaq niyyətim yoxdur, olmayıb da. Xahiş edirəm, niyə belə elədikləri araşdırılsın. Niyyət nədir?”

Vəkil isə mötəbər mənbələrdən İlkin Süleymanova qarşı sui-qəsd planlaşdırılması haqda məlumat aldıqlarını vurğulayıb. Vəkil bildirib ki, İlkinin nə özünü asmaq, nə də başqa formada özünə qəsd etmək fikri yoxdur:

“Əgər ona qarşı buna bənzər hadisə baş versə, deməli, təxribatdır, qəsddir”.

Hakim Dadaş İmanov bu cür məlumatların absurd olduğunu bildirib.

Bir neçə iclasdır ki, bu məhkəmə prosesində İlkin Süleymanovun əmisi oğlu və divar qonşusu, keçmiş polis əməkdaşı Murad Süleymanov dindirilir. Aprelin 11-də də onun dindirməsi davam etdirilib.

Murad Süleymanov deyib ki, yanan meyit haqda Tovuz rayon Polis Şöbəsinin rəisinə məlumat verəndən təxminən 10 dəqiqə sonra rəis müavini ilə birlikdə gəlib. Onlar meyitin Nərmin olduğunu deyəndə heç azyaşlının atası və digər yaxınları gəlməmişdi. Bir qədər sonra atası Şərif Quliyev və əmiləri gəlib:

“Akif Quliyev qardaşı Şərifə dedi ki, iki gün əvvəl polis rəisi sənə demədimi ki, tanınmaz halda tapılsa, nədən tanıyarsan? Amma Şərifin qardaşına nə cavab verdiyini eşitmədim. Nə Şərif, nə də qardaşları meyitə yaxınlaşmışdı…”

Murad Süleymanov bildirib ki, polis rəisi bir müddət sonra ona meyitin kürəyində əl izi tapıldığını deyib və ətrafda olanların toplanması, onların əl izlərinin götürülməsinə yardım etməsini istəyib:

“Ətrafda, qonşuluqda yaşayan adamlar bizim evə gəldi. Polis şöbəsinin istintaq idarəsinin rəisi və ekspert də gəlmişdi. On nəfərlik blank vardı, ona görə 10 nəfərin əl izlərini götürdülər. Onların arasında Mahir Orucov, Nəriman, İmran və başqaları vardı”.

Yanvarın 6-da yanmış meyit tapılandan az sonra, gecə saat 1 radələrində polis şöbəsinə çağırıldığını və saat 4-ə qədər orada saxlandığını, sorğu-sual edildiyini deyən Murad Süleymanov bildirib ki, yanvarın 7-də də şöbədə olub. Orada əmisi oğlu İlkin Süleymanovu əlləri qandallı vəziyyətdə görüb:

“İlkingilin evi ilə üzbəüzdə mağaza var. O mağazanı işlədən də orada idi. Onu da dindirirdilər. Yanvarın 6-dan 10-na qədər prokurorluq və polis əməkdaşları dəfələrlə bizim evdə, İlkingildə axtarış aparmışdılar. Heç nə tapmamışdılar. Ona görə yanvarın 9-dan 10-na keçən gecə saat 4-də gəlib İlkingilə girmişdilər”.

Murad Süleymanovun yaşadığı evlə Nərminin 47 gün saxlandığı evi arakəsmə ayırır. Onun sözlərinə görə, həmin ev babasının olub, sonradan onu iki oğlu arasında arakəsmə ilə bölüb. İlkingil həyətdə başqa ev tikdiyinə görə onlarda olan hissədən saxlanc yeri kimi istifadə ediblər.

Murad Süleymanov

Murad Süleymanovun sözlərinə görə, dindirmə zamanı istintaqçılara deyib ki, əgər divarın o biri tərəfində Nərmin 47 gün saxlanmış olsaydı, səs eşidərdilər, hiss edərdilər:

“Müstəntiq Nadir Mirzəyev və daha bir nəfər eksperiment keçirdilər. Biri İlkingil olan hissədə, biri də bizim evdə dayandı. Bir-birinə deyirdi ki, məni eşidirsən? Aydın eşidilirdi. Sonra rus dilində danışdılar, başa düşmədim nə dediklərini…”

O, suallara cavab olaraq deyib ki, həmin 47 gün ərzində İlkin Süleymanovla dəfələrlə birlikdə olub:

““Fidan” şadlıq sarayında toy vardı. Toy sahibi xahiş eləmişdi ki, pulyazan İlkin olsun. İlkin həmin gün 8-10 saat şadlıq evində olmuşdu”.

Cinayət işinin materiallarında Murad Süleymanovla Şərif Quliyevin qardaşı Arif Quliyev arasındakı söhbət əksini tapıb. Bu barədə danışan Murad Süleymanov bildirib ki, İlkin saxlandıqdan bir neçə gün sonra kafedə Arif Quliyevi görüb:

“Arif Quliyevlə iki dəqiqəlik söhbətimiz oldu. İlkini soruşub dedi ki, nə məsələdir? Dedim ki, heç mən də baş açmıram. Onu da dedim ki, gözümün işığı olsa da, cəzasını çəkməlidir. İstintaqda o məsələ təhrif olunub. Üzləşmədə müstəntiq Arif Quliyevə istiqamət verirdi”.

Nərminin anası Aynurə İsmayılova iddia edib ki, yanmış meyit tapıldığı gün Murad ona pul təklif edib. Lakin Murad Süleymanov bunun yalan olduğunu bildirib:

“Həmin gün səhər işdə olanda polis şöbəsində Aynurəni görmüşdüm. Onda dedi ki, rəisdən pul almağa gəlmişəm. Günorta onların qonşuluğunda yaşayan Şahinin yanına getmişdim. Gələndə qapılarının ağzında Aynurəni gördüm. Soruşdum ki, nə oldu, rəisdən pul ala bildin? Dedi ki, yox, vermədi. Hətta onda dedi ki, Şərif evdədir, yatıb…”

Nərmin Quliyevanın atası Şərif Quliyev. (ön sırada)

Şərif Quliyev məhkəmədə iddia edib ki, həmin gün Murad Süleymanov özlərinə məxsus “Mercedes” markalı maşınla onu kəndə gətirib. Murad Süleymanov isə onun yalan danışdığını bildirib:

“O maşın yanvarın 2-dən Bakıda olub, necə ayın 6-da həmin maşınla səni apara bilərdim?”

Məhkəmə prosesi aprelin 12-də davam edəcək.

Hansısa vəzifəli şəxsi qorumaq üçün İlkini qurban seçiblər”

İlkin Süleymanovun əmisi oğlu Tariyel Süleymanov Meydan TV-yə bildirib ki, sui-qəsd haqda məlumatlar ciddi narahatlığa əsas verir:

“Başa düşürlər ki, İlkini bu cür saxta ittihamlarla məhkum eləmək çətin olacaq. Ona görə də aradan götürüb, intihar kimi qələmə vermək cəhdləri başadüşüləndir. Əks halda, bu cür saxta sübutlarla hökm çıxarmaq çətindir. Demirəm, mümkün deyil. Sadəcə, ictimaiyyətin gözünə baxa-baxa deyəcəklər ki, bizə qanun, dəlil-sübut lazım deyil, tuturuq. Hər kəs görür ki, İlkinin əleyhinə heç bir sübut ortaya qoyulmayıb. Ola da bilməz, çünki onun bu cinayətə aidiyyəti yoxdur. Hansısa vəzifəli şəxs və ya şəxsləri qorumaq üçün İlkini qurban seçiblər. Versiyalardan biri budur ki, İlkini aradan götürüb, sonra desinlər ki, qaçanda vurulub. Bu, böyük şəbəkədir və onun arxasında duranların əlləri hər yerə çatır”.

Tariyel Süleymanov əlavə edib ki, iş materiallarında ictimaiyyəti şoka sala biləcək faktlar var:

“İnsanlar o faktlar açılanda deyəcəklər ki, bunu necə eləmək olar? İlkinin bacısı İlhaməni dindirməyə çağıranda ona deyiblər ki, qardaşın birinci gündən axırıncı günə qədər Nərminə təcavüz edib. Atasına da dəfələrlə polis rəisi, prokurorluqdakılar bunu demişdi. Ondan sonra İlkinin atası məcbur olub dedi ki, oğlunun belə potensialı yoxdur. Ekspertiza da deyilənləri təsdiqlədi. Bunun ardınca məcbur qalıb, motivi dəyişdilər ki, guya İlkin sinif yoldaşı olmuş Şərifə qarşı paxıllığa görə onun qızını oğurlayıb öldürüb. Bu qədər absurd olarmı?!”

Tariyel Süleymanov

Tariyel Süleymanov əlavə edib ki, İlkin Süleymanova insanlığa sığmayan işgəncələr verilib:

“Bütün Azərbaycan xalqı şahiddir, hətta Nərminin valideynləri də məhkəmədə bildirdi ki, İlkini yanvarın 6-da şöbəyə aparıb, bir də buraxmayıblar. 4 gün bütün millətin gözünün qarşısında olanı prokurorluq gizltməyə cəhd göstərirsə, deməli, bunlar üçün qanun yoxdur. Gözlərinin içinə qədər yalan danışırlar ki, guya yanvarın 10-da tutulub”.

“Polis rəisi gecə bizim evə girəndən sonra qan tapılıb…”

İlkin Süleymanovun qardaşı Adil Süleymanov isə müxtəlif adamların əl-barmaq izlərinin götürülməsilə bağlı məsələyə diqqət çəkib. O bildirib ki, cinayət işinin materiallarında meyitin kürəyində əl izi olması haqda sənəd-sübuta rast gəlməyiblər.

“Ekspertiment keçirilib və aydın olub ki, bizim tərəfdə səs gələndə o biri tərəfdə eşidilir. Nərmin orada olubsa, bəs necə olub ki, səsi eşidilməyib? Həmin eksperiment iş materiallarına əlavə edilməyib. Ayın 8-də bizim evdə axtarış aparılıb, heç nə tapılmayıb. Yanvarın 9-dan 10-na keçən gecə isə polis rəisinin bizim evə girməsindən sonra guya evimizdən qan tapılıb. Bu, necə olur?”.

İlkin Süleymanovun qardaşı Adil Süleymanov

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az