AXCP üzvünün işi məhkəməyə göndərilib

tərəfindən Gozetci

Aqil Hümbətov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Aqil Hümbətov yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. Meydan TV-nin əldə etdiyi məlumata görə, onun işi üzrə istintaq artıq yekunlaşıb və iş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Aqil Hümbətovun işinə hansı hakimlərin baxacağı da artıq məlumdur. AXCP üzvü Samir Əliyevin sədrliyilə, Eldar İsmayılov və Cavid Hüseynovdan ibarət hakimlər kollegiyası tərəfindən mühakimə olunacaq.

Aqil Hümbətov Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham olunur. Bu maddənin sanksiyasında 6 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Zərərçəkmiş qismində Yamən Məmmədov tanınıb. Aqil Hümbətovun ona bıçaqla xəsarət yetirdiyi iddia olunur.

Sosial şəbəkələrdə hökuməti, şəxsən prezidenti tənqid edən, uşaqpulu tələb edən Aqil Hümbətov küçədən yığdığı tullantıları çeşidləyib təhvil verməklə, yaşadığı qəsəbədə zibillərin yığışdırılması və s. işlərlə məşğul olmaqla ailəsini dolandırırdı. Həyat yoldaşı Aygün Hümbətova iddia edir ki, onu şərləmək üçün zibillərini atdığı qəsəbə sakinindən istifadə olunub: “Aqil qəsəbədə bir neçə nəfərin həyətindəki zibilləri aparıb atır. İndi bıçaqladığı deyilən adam da guya qəsəbəyə kirayə qalmağa gəlib. Zəng eləyib deyib ki, zibil var atmağa. Aqil də gedib. Kişi həmin vaxt olmayıb, çıxıb çölə, qadın əlində torba ilə gəlib. Bu məqamda kişi həyətə qayıdıb ki, “sən mənim yoldaşıma söz atmısan”. Birdən özünü də yıxıb yerə, bıçağı da çıxarıb, heç özünü vurmadan qışqırıb ki, “ay məni vurdu”. Elə həmin anda polislər tökülüşüb Aqili tutub. Hər şey əvvəlcədən hazır olub, Aqili ora çağırmaq qalıb”.

Həyat yoldaşının sözlərinə görə, polis idarəsində Aqil Hümbətovun Yamən Məmmədovu bıçaqla vurması barədə etirafedici ifadəyə imza atması üçün ona işgəncə verilib: “Aqil deyir ki, 20 nəfərə qədər polis tökülüşmüşdü üstümə. İki gün onu döyüblər. Hətta zorlamaqla hədələyiblər. Aqil məcbur qalıb, o ifadəyə imza atıb”.

Aqil Hümbətov 2020-ci martın 29-da “Facebook” hesabından tənqidi çıxışlarından birindən sonra tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılıb. Daha sonra bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla onu Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Orada onu üç ay məcburi saxladıqdan sonra buraxıblar.

Aqil Hümbətova ondan əvvəl də inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü yalan olduğunu deyirdi: “Həbsimin səbəbi hadisədən iki gün öncə prezidenti tənqid etməyimdir”.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az