Ömürlük məhbus: Adım hər dəfə əfv siyahısından çıxarılır

tərəfindən Gozetci

Deputat Qüdrət Həsənquliyevin qardaşının qətlində təqsirləndirilən Anar İsmayılov prezidentə müraciət edib

“20 ildir ki, ömürlük həbsə məhkum edilmişəm. 20 ildir ki, yer üzündəki cəhənnəmi yaşayıram. Dəfələrlə Əfv Komissiyasına müraciət etsəm də, mərhumun deputat qardaşı hər dəfə müdaxilə edir və mənim həbsxanadan buraxılmağıma əngəl olur”.

2001-ci ildə Anar İsmayılov hazırda deputat olan Qüdrət Həsənquliyevin qardaşını – Nadir Həsənquliyevi qətlə yetirdiyinə görə ömürlük həbsə məhkum edilib. Ötən illər ərzində o, dəfələrlə mətbuat vasitəsiylə ölkə başçısına müraciət edib. Hər dəfə ibtidai istintaqın və məhkəmənin Qüdrət Həsənquliyevin təsiri altında aparıldığına görə həqiqətlərin gizlədildiyini bildirib.

Hamı bilirdi ki, mən özümü müdafiə etmişəm”

“Deputatın qardaşının işlədiyim ofisə silahlı gəlməsi, ofisin mühasibini döyməsi, pul tələb etməsi, ofisdəkiləri ölümlə hədələməsi, havaya atəş açması faktları ortalıqda olsa da, hüquqi qiymət verilmədi. Deputatın təsiri altında mənə ömürlük həbs cəzası verildi. Halbuki, ibtidai istintaq da, məhkəmə də yaxşı bilirdi ki, qarşı tərəf başına dəstə yığaraq işlədiyim yerə gəlib, pul tələb edib, atəş açıb və mən ordakıları müdafiə etmək üçün məcburiyyət qarşısında qalaraq silaha əl atmışam. İstintaq üzərimə silahlı gələn Nadir Həsənquliyevin əməllərini ört-basdır etmək üçün ekspertiza rəylərini saxtalaşdırdı, məhkəmə isə məni dinləmək belə istəmədi. Bir nəfərin qətlinə görə mənə əməlimə uyğun olan cəzadan daha ağırı – ömürlük həbs cəzası verildi ki, bu da Qüdrət Həsənquliyevin məhkəməyə sifarişi əsasında oldu”, – Anar İsmayılov prezident İlham Əliyevə ünvanladığı və bir nüsxəsini də Meydan TV-yə göndərdiyi müraciətində belə qeyd edib. O, 3 il əvvəl də Meydan TV-yə yazmışdı.

“Qüdrət Həsənquliyev Komissiyanın işinə qarışır”

Bu dəfə isə Anar İsmayılov prezidentə müraciətində bildirir ki, indi də Qüdrət Həsənquliyev Əfv Komissiyasının işinə qarışır, onun əfv olunmasına əngəllər yaradır:

“Deputat bunu daxili işlər naziri Vilayət Eyvazovla şəxsi münasibətlərindən istifadə edərək onun vasitəsiylə həyata keçirir. Əfv Komissiyasının üzvü olan nazir komissiyanın iclasında mənimlə bağlı müzakirələr aparılanda adımın əfv siyahısına salınmasının qarşısını alır. Məni mütəşəkkil dəstənin üzvü, killer kimi təqdim edir və azadlığa buraxılmağımın ictimai təhlükəli olduğunu israr edir. Halbuki, mənə verilən itthamlarda mütəşəkkil dəstədən söhbət getməyib. Hanı o mütəşəkkil dəstənin bircə üzvü, çıxarsınlar ortalığa… Baxmayaraq ki, komissiya üzvləri mənə verilən cəzanın törətdiyim əməldən ağır olduğunu nəzərə alır və adımın əfv siyahısına salınmasına qarşı çıxmır, ancaq müdaxilələrə görə ədalətli qərar da verə bilmir. Mənim işlədiyim maşın təmiri yeri “Azərenerji”nin keçmiş sədri Müslüm İmanovun oğlu Kamal İmanova aid idi və o adam 20 ildir ki, İnterpol xəttilə formal axtarışdadır. Halbuki, hamıya məlumdur, Kamal İmanov illərdir ki, Türkiyənin İzmir şəhərində yaşayır, yeri-yurdu bəllidir və sərbəst şəkildə həyatını sürməkdə davam edir. Vaxtilə onu atasıyla şəxsi münasibətlərinə görə keçmiş daxili işlər naziri Ramil Usubov qoruyurdu, indi isə Vilayət Eyvazov qoruyur”.

“Vilayət Eyvazov “Bandotdel”də məni tənbeh edirdi”

Anar İsmayılov daha sonra yazır:

“Bir daha təkrar edirəm ki, mənə verilən cəza törətdiyim əməli aşıb. Birincisi, hadisə mənim iradəm xaricində baş verib, işlədiyim yerə silahsı basqın olub, qətlə yetiriləcəyimi bilərək məcburiyyət qarşısında qarşı tərəfi susdurmalı olmuşam. İkincisi, könüllü şəkildə polisə təslim olaraq əməlimi etiraf etmişəm. Üçüncüsü, bu, mənim ilk məhkumluğum olub. Dördüncüsü, 20 ildə intizamlı məhkum kimi cəza çəkmişəm. Siyahını uzada bilərəm, ancaq buna lüzum görmürəm. Bütün bunlara baxmayaraq, Vilayət Eyvazov Əfv Komissiyasında adımın əfv siyahısına salınmaması üçün dəridən, qabıqdan çıxır. Hələ 20 il əvvəl mən “Bandotdel”in (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi – red) zirzəmisində saxlanılanda Vilayət Eyvazov o qurumun rəis müavini idi və o, məni yaxın dostunun qardaşını öldürdüyüm üçün tənbeh edirdi”.

“Komissiyaya təzyiq edilir”

“Mən anlayıram ki, Əfv Komissiyasının sədri Samir Nuriyev öz nüfuzunu qorumaq üçün nazirə qarşı çıxa bilmir. Ancaq cənab prezident, o, ən azı bu barədə sizə məruzə etməliydi. Axı əfv siyahısı sonda sizin masanıza gəlir və onu siz imzalayırsız. Əfv Komissiyasının sədri sizə bildirməlidir ki, komissiya üzvü öz vəzifəsindən istifadə edərək ona təzyiq göstərir, ancaq o, bunu da etmir”, – məhbus yazır.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə iddiaların əsassız olduğunu deyib:

“Heç bir halda hansısa vətəndaşın hüquqları məhdudlaşdırılmır. Əfv Komissiyasında vətəndaşın hüquqları ilə bağlı normalar Daxili İşlər Nazirliyi tərəfindən müəyyənləşdirilmir. İddialar əsassızdır, həqiqəti əks etdirmir”.

20 il əvvəl Anar İsmayılov Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürmə maddəsiylə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin (hazırda Bakı Ağır Cinayətlər Məhkəməsi) hökmüylə ömürlük həbs cəzasına məhkum edilib. Hazırda Qobustan Qapalı Həbsxanasında cəza çəkir. 3 il əvvəl o, məhkəmə orqanlarına və Baş Prokurorluğa müraciət edərək işdəki yeni halların araşdırılmasını istəmişdi. Həmin vaxt Anar İsmayılov Meydan TV-yə də məktub göndərmişdi. Məktubunda qeyd etmişdi ki, vaxtilə ibtidai istintaq və məhkəmə prosesləri qərəzli, sifarişli aparılıb. Nəticədə Nadir Həsənquliyevin hadisə yerinə oldu silahla gəlməsi, atəş açması, həmçinin, əşyayi dəlil olan silaha məxsus qobun, mərhuma məxsus mobil telefon işin içindən “yoxa çıxıb”. Bununla da hadisənin əsl səbəbləri ört-basdır edilib. Onun vəkilləri Təranə Əliyeva və Gülnarə Xudabaxışova 2018-ci ildə Rusiyada baş tutmuş ekspertizanın nəticələrini yerli məhkəmə və prokurorluğa təqdim etsələr də, qəbul edilməyib. Vəkilə bildirilib ki, ölkə xaricində həyata keçirilən ekspertizaların nəticələri yerli istintaq orqanları tərəfindən qanunla tanınmır.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az