Aclıq edən ahılların səhhəti pisləşib

tərəfindən Gozetci

“Hər üçümüzün üstünə təcili yardım gəlir, yaşlı-başlı adamlarıq”

“Sovetski” sakinlərindən Türkanda aclıq edən ahıllara dəstək

Bakının Xəzər rayonu, Türkan qəsəbəsində aclıq edən 91 yaşlı Xumara Şabanova, 80 yaşlı Əzizəxanım Atayeva və 76 yaşlı Tamara Süleymanovanın səhhətində problemlər yaranıb. Ahıl qadınların vəziyyəti pisləşib və bir neçə dəfə qəsəbəyə təcili tibbi yardım çağrılıb.

“Hər üçümüzün üstünə təcili yardım gəlir, yaşlı-başlı adamlarıq. Necə dəfə həkim gəlib. Hər dəfə deyirlər ki, sənə aclıq eləmək olmaz. Deyirəm, axı başqa çarəm yoxdur, neyləyim? Sağ ola-ola, adıma ölüm kağızı çıxarıblar, torpağım əldən gedib, mənə görə camaatın uşağını tutub salıblar türməyə, kəndin içində biabır olmuşam. Necə eləyim bəs?”, – Əzizəxanım Atayeva bildirib.

Bakının Yasamal rayonunda, “Sovetski” adlanan ərazidə evləri sökülən və istədikləri kompensasiyanı ala bilməyən sakinlər də Türkan qəsəbəsində aclıq edən ahıl qadınlara dəstək məqsədilə onlara baş çəkib.

“Xəbər saytlarından oxuduq ki, 80-90 yaşlarında analar torpaqlarının saxta sənədlərlə əllərindən alınmasına, onlara vəkil tapmaqda, şikayətlərini çatdırmaqda kömək eləyən adamı da həbs eləyiblər. Oxşar hadisələr bizim də başımıza gəlib. Bizi qəpik-quruşla zorla evimizdən çıxartdılar. “Sovetski”də bu haqsızlığa etiraz edən nə qədər adamı tutub apardılar. Ona görə də gəlib, bu yaşda aclıq etmək məcburiyyətində qalan analarımıza dəstək olmağı, onların vəziyyəti ilə maraqlanmağı özümüzə borc bildik”, – Səkinəxanım Quliyeva bildirib.

Aclıq edən qadınlar bildirir ki, onların əsas tələbi qəsəbə sakini Natiq Məhəmmədsoyun həbsdən buraxılmasıdır. Deyirlər ki, Natiq Məhəmmədsoy onlara kömək etdiyinə görə şərlənərək həbs olunub, onun evindən və maşınından tapıldığı iddia olunan silah və narkotik ora polislərin özləri tərəfindən atılıb.

“Mənim oğlum cinayət törətməyib. Əgər bu, cinayətdirsə, onun cinayəti yaşlı qonşularımıza kömək etməsi, qabaqlarına düşüb, vəkilin yanına aparması olub. Oğlumu gözümün qabağında şərlədilər. Oğlum o vəziyyətdə ola-ola mən necə çörək yeyim? Yeməyəcəm…”, – Tamara Süleymanova bildirib.

Əzizəxanım Atayeva və Xumara Şabanova sağ olduqları halda, onların adına ölüm haqqında şəhadətnamə çıxarılaraq, hər birinin 25 sot torpaq sahəsi özlərinin xəbəri olmadan satılıb. Onların hər ikisi deyir ki, əmlakı övladlarının adına keçirmək istərkən bundan xəbər tutublar. Daha sonra dövlət orqanlarına şikayət ediblər.

Adları çəkilən Türkan sakinlərinin ölmüş kimi təqdim olunub, əmlakının ələ keçirilməsilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalar gedir. Əvvəlcə Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev və qəsəbə sakini Çingiz Səfərov həbs olunub. Daşqın Nəsirov barəsində isə axtarış elan edilib. Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov ötən ilin dekabrında tutulub. Keçmiş icra nümayəndəsinə qarşı vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, digər iki nəfərə qarşı isə dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamları irəli sürülüb.

Daşqın Nəsirov bu yaxınlarda səhhətindəki problemlər əsasıyla ev dustaqlığına buraxılıb. Bu da zərərçəkmiş tərəfin etirazına səbəb olub.

Martın 5-də saxlanılan Natiq Məhəmmədsoya qarşı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) və 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, saxlama, daşıma) maddələrilə ittiham irəli sürülüb.

1966-cı il təvəllüdlü Natiq Məhəmmədsoy məhkəmədə günahsız olduğunu, evindən və maşınından tapıldığı iddia olunan silah və narkotik ona aidiyyəti olmadığını deyib. O bildirib ki, saxtakarlıqla mülkiyyəti əlindən alınan yaşlı qonşuların hüquqlarının müdafiəsində onlara kömək etdiyinə görə cəzalandırılıb.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az