Türkanda aclıq edən ahıl qadınların vəziyyəti pisləşib

tərəfindən Gozetci

Bakının Xəzər rayonu, Türkan qəsəbəsində saxta sənədlərlə torpaq sahələrinin əllərindən alınmasına etiraz olaraq aclıq edən 80-90 yaşlı ahıl qadınların durumu pisləşib. Bu üzdən Təcili Tibbi Yardım çağırılıb, onlara tibbi müdaxilə olunub.

76-yaşlı Tamara Süleymanovanın vəziyyəti aprelin 12-də ağırlaşıb, saat 19:00 radələrində təcili yardım həkiminin tibbi müdaxiləsindən sonra durumu nisbətən düzəlib. Buna baxmayaraq, Süleymanova aclığı dayandırmaq niyyətində olmadığını bildirib.

“Həkim deyir ki, “nənə, sənin yaşında aclıq eləmək ölümə getmək deməkdir”. And verir ki, yeyim. Deyirəm, ay bala, onsuz da məmurlar haqsızlıqlarla öldürürlər. Ya elə öldüm, ya belə, nə fərqi var. Onsuz da balamı şərləyib salıblar ora, hər yemək yeyəndə, su içəndə yadıma düşürdü, boğazımdan keçmirdi. Adamlar sağ ola-ola ölüm kağızı düzəldib, camaatın torpaqlarını satanları türmədən buraxırlar, günahsızı tutub içəri salırlar”, – Süleymanova AzadlıqRadiosuna belə deyib.

Onun ailə üzvləri bildirib ki, Təcili Tibbi Yardımın həkimi insult riski olduğunu deyib.

“Məni vadar eləyirlər ki, özümü asım”

91-yaşlı Xumara Şabanovaartıq intihar həddinə çatdığını vurğulayıb. Onun sözlərinə görə, övladları və nəvələri maddi baxımdan çox ağır vəziyyətdədir. Deyir ki, sağ olduğu halda, vəfat etmiş şəxs kimi rəsmiləşdirilib, ələ keçirilən torpağı övladlarının güman yeri idi. 36 yaşında həyat yoldaşını itirib, altı uşağı tək böyütdüyünü deyən Şabanova əlavə edib ki, sözügedən torpaq sahəsi də ona qayınatasından qalmışdı:

“Məni vadar eləyirlər ki, özümü asım. Özüm də yazım qoyum ki, mənim işimə düzgün baxmadıqlarına görə buna məcbur oldum. Mənim bu yaşda dövlət orqanlarını gəzən, ekranlarda göstərilən vaxtım deyildi. Onsuz, əvvəl də gündə bir dəfə çörək yeyirdim, iki gündür onu da ləğv eləmişəm. Mən 36 yaşından altı uşaqla dul qalıb zülmlə övladlarımı böyütmüşəm. Uşaqlarımın gümanıdır o torpaq…”.

Şabanovaya tibbi yardım göstərməyə gəlmiş həkim də israrla ondan aclığı dayandırmasını istəyib.

Şabanova onlara vəkil tapmaqda yardım etmiş qəsəbə sakini Natiq Məhəmmədsoyun (Tamara Süleymanovanın oğlu-red.) həbsinə də etiraz edir.

“Ya xəcalətdən öldüm, ya acından…”

80-yaşlı Əzizəxanım Atayeva da saxta sənədlə zəbt olunub satılan torpağının geri qaytarılmasıyla yanaşı, Məhəmmədsoyun da azadlığa buraxılmasını tələb edir:

“Bir kəndin içidir, xəcalətimdən ölürəm ki, mənim qabağıma düşdüyünə görə qonşumun balasını tutub orada çürüdürlər. Ya xəcalətdən öldüm, ya acından, heç bir fərqi yoxdur. Natiqin uşaqları var, ailəsi var, onların qarşısında özümü günahkar hiss edirəm. Belə bəla olar ki, bizi salıblar?! Dövlət orqanları da bizi get-gələ salıb. Bu məsələlər həll olunana qədər aclıq eləyəcəm”.

Adları çəkilən qadınlar da daxil, aksiya keçirən Türkan sakinlərini aprelin 12-də baş prokurorun köməkçisi qəbul edib. Onlara bildirilib ki, torpaqla bağlı problem həllini tapacaq, bu işə görə həbs olunanların işi üzrə istintaq davam edir.

Natiq Məhəmmədsoyun həbsinə gəlincə, bildirilib ki, bunun torpaq məsələsinə aidiyyəti yoxdur.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az