Polisin əmisi oğlu olduğu bildirilən şəxs təhqidolu mesajlar yazır
Neftçala rayonunun Xolqaraqaşlı kənd bələdiyyəsinin üzvü, ictimai fəal Vəfa Nağı paylaşımlarına görə yaxınlarının təzyiqə məruz qaldığını deyir.
Vəfa Nağı Neftçala rayonunda cinsi istismara məruz qalan azyaşlılarla bağlı paylaşım edib.
İlk paylaşımında o, rayonun kəndlərindən birində valideynlərini itirmiş azyaşlı qızın 6-cı sinifdən cinsi istismara məruz qaldığını yazmışdı. Həmin paylaşımdan sonra hüquq-mühafizə orqanları məsələni araşdırdığını, cinayət işinin başlandığını bildirib. Həmin azyaşlı qadın sığınacaqlarından birinə yerləşdirilib.
İctimai fəal aprelin 12-də yaydığı paylaşımda isə qeyd edir ki, rayonun Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan yeniyetmə üç ildir cinsi istismara məruz qalıb. Məlumatda bu da deyilir ki, uşağın istismar olunmasına şərait ana yaradıb. Vəfa Nağı kənd sakinlərinə istinadən yazıb ki, məsələdən Neftçala Rayon Polis Şöbəsi xəbərdardır:
“Hətta polis uşaq və ana ilə birgə işləyir və evə kamera quraşdırıb. Bura gələn kənd sakinlərinin adları siyahıya alınır və polis onlardan 3000 manatdan başlamaqla pul alır. Deyilənə görə, indiyə qədər 27-30 nəfər kənd sakinindən pul alınıb və buraxılıb. Ortada 3 ildir istismarına şərait yaradılan bir uşaq var. Hətta məsələnin başında Elvin adlı polis dayanır və uşağı istismar olunmasında iştirak edir. Elvin adlı rayon polisi bu məsələni Xolqarabucaq kəndinin Mürsəqulu İnzibati Dairəsi üzrə nümayəndəsi G.Əsgərov ilə reallaşdırır”.
Vəfa Nağı məsələdə adı hallanan polis Elvin Rəcəbovun şəklini də paylaşıb. Elə bundan sonra da təzyiqlərə məruz qaldığını deyir.
Paylaşımlara təhqirdolu rəylər yazan Emin Rəcəbov adlı “Facebook” istifadəçisinin polisin əmisi oğlu olduğu ortaya çıxıb. Meydan TV Emin Rəcəbovun təkcə Vəfa Nağını deyil, onun ailə üzvlərini hədələyən mesajlarını da əldə edib. Emin Rəcəbov Meydan TV-nin suallarını cavablandırmayıb.
“Əsasən qardaşıma təzyiqlər edirlər. Evimizə gediblər. Qardaşım kənddə yaşayır, bütün işi-gücü ordadır. Dayımgilə gediblər, nələrsə deyiblər, dayımın təzyiqi qalxıb. Bacıma yazıblar”, – Vəfa Nağı deyib.
Meydan TV məsələdə adı hallanan polislə və icra nümayəndəsi ilə əlaqə saxlaya bilməyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Meydan TV-yə deyib ki, hadisədən məlumatlıdırlar.
“Bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib. Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir”.
Elşad Hacıyev azyaşlının mənzilinə kamera quraşdırılması məsələsini cəfəngiyyat adlandırıb:
“Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu, müzakirə olunmayan gerçəklikdir”.
Meydan TV Mürsəqulu kənd sakinlərinin biri ilə əlaqə saxlayıb. Adının açıqlanmasından qorxan kənd sakini bu barədə bütün kəndin məlumatlı olduğunu deyib:
“Kənddə çox adam bilir ki, o evə kimlər gedir. Polis də bundan xəbərdardır, hətta qızın anasını Elvin adlı polis himayə edir. Adamlar qorxusundan bu barədə danışa bilmir. İndi bu məsələ yayılıb deyə lap qorxuya düşmüşük. Çünki hadisədən çox bu barədə kimin məlumat verməsi ilə maraqlanırlar. Elvinin xeyli adamı var, deyirlər, onsuz da heç nə edən olmayacaq, kim onun adını yayıb, şəklini veribsə, həmin adamı gəzirlər”.
Meydan TV