Pəri Miniatürün cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunur

tərəfindən Gozetci

“Mən vətənimi, onun övladlarını sevmək üçün yaltaq, qorxaq ola bilmərəm”

Rəssam, AXCP üzvü Pəri Miniatür məhkəməyə verilib. Ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb. Rəssamın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edən xüsusi ittihamçı isə işlədiyi Bakı Atatürk Liseyidir.

Yasamal Rayon Məhkəməsinə təqdim olunmuş iddia ərizəsində Pəri Miniatürün Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə cəzalandırılması tələb olunur.

Lisey rəhbərliyi iddia edir ki, Pəri Miniatür siyasi baxışlarına görə işlədiyi təhsil müəssisəsində təzyiqlərə məruz qaldığını deməklə, bu haqda müsahibələr verməklə böhtan atıb.

Pəri Miniatür bildirir ki, təzyiqlər ötən il Respublika Günü ərəfəsində Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin rəsmini çəkməsi, bu haqda hazırlanan klipin yayımından sonra başlayıb. Onun sözlərinə görə, öncə ona qarşı münasibət dəyişib, maaşı kəskin azaldılıb, özünə də siyasi proseslərdən kənarda dayanmaq, mitinqlərdə iştirak etməmək haqda xəbərdarlıq olunub: “Mənim dilim lal, gözüm kor olmalı idi. Mən vətənimi, onun övladlarını sevmək üçün yaltaq, qorxaq ola bilmərəm. Toplantılarda bütün heyətin önündə mənə, tədris etdiyim fənnə bildirilən sayğısız münasibət rəvac verdi ki, digər müəllimlər də hüququmu pozsun. Dərsimə qatılmayan şagirdə qiymət yazmadığım halda, öz ürəyi istəyən qiyməti yazsın… İllərdir sevgi və həvəslə çalışdığım iş yerimdən ayrılmağa məcbur oldum”.

Bakı Atatürk Liseyindən isə Meydan TV-yə bildirilmişdi ki, Pəri Miniatür işdən çıxarılmayıb: “Onun adı işçilər siyahısındadır. Pəri Miniatürlə də məsələ ilə bağlı danışıqlar aparılacaq. Rəsulzadə haqqında olan məlumata gəldikdə isə təhsil ocağımız onun şəxsiyyətinə hörmətlə yanaşır. Liseydə Rəsulzadə ilə bağlı tədbirlər də keçirilir”.

Pəri Miniatür Təbriz miniatür məktəbinin klassik texnikalarını müasir elementlərlə birləşdirən rəssamdır. İyirmi ildən çoxdur rəssam kimi fəaliyyət göstərir.

Cinayət Məcəlləsinin 147.1 maddəsində 1000 manatdan 1500 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər, 1 ilə qədər islah işləri və ya 6 aya qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az