Oqtay Gülalıyevin ailəsinə məhkəmə-tibbi ekspertizanın rəylərinin surətləri verilmir

tərəfindən Gozetci

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Füruzə Gülalıyeva baş prokuror Kamran Əliyevə müraciət edib.

O xatırladır ki, 6 yanvar tarixli əvvəlki müraciətdən sonra baş prokurorun köməkçisi Fazil Həsənəliyev ailə üzvlərini qəbul edib. O, ailəyə məlumat verib ki, yol-nəqliyyat hadisəsindən sonra fəalın vəziyyətinə cavabdeh olan həkimlərin barəsində cinayət icraatına ötən il dekabrın 29-da xitam verilib.

Bununla belə, müstəntiqin qərarının və məhkəmə-tibbi ekspertizanın rəylərinin surətləri  ailə üzvlərinə və vəkillərə verilməyib.

Yanvarın 25-də müstəntiq Asiman Hacıyevlə görüşdə cinayət icraatına xitam verilməsi haqda qərarın surəti ailəyə təqdim edilib. Bununla yanaşı, məhkəmə-tibbi ekspertizanın rəylərinin verilməsi üçün Nəsimi rayon prokurorunun adına ərizə yazmaq təklif olunub.

Belə müraciət yerindəcə yazılıb, amma rəy yenə də verilməyib.

Fevralın 3-də vəkil Fuad Ağayev müstəntiq Hacıyevlə görüşdə bir daha ekspertizanın rəyini istəyib. Ancaq müstəntiq rayon prokurorunun göstərişinə istinad edərək deyib ki, bunu edə bilməz.

Füruzə Gülalıyeva baş prokurora müraciətində qeyd edir ki, müstəntiq və prokurorluq orqanları məhkəmə-tibbi ekspertizanın rəylərinin surətlərini ailəyə və vəkilə verməkdən imtina etməklə qanunu pozurlar.

“Bir daha sizə müraciət edərək istintaqın tam şəffaf aparılmasını təmin etməyi, o cümlədən ekspert rəylərinin surətinin bizə verilməsini xahiş edirəm”, – müraciətdə bildirilir.

* Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. O, xəstəxanaya aparılıb, lakin əməliyyat oktyabrın 30-da Respublika Neyrocərrahiyyə Xəstəxanasının cərrahları tərəfindən özəl klinikada edilib.

Yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətinə ağır ziyan vuran Kənan Abdullayevi cəzasını məntəqə tipli koloniyada çəkməklə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə onu Azərbaycan CM-in 263.1-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıq səbəbindən zərərçəkmiş şəxsin sağlamlığına ağır ziyan vurduqda) ilə təqsirli bilib. Bundan əlavə, K.Abdullayev üç il müddətinə avtomobil sürmək hüququndan məhrum edilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az