Hakim Polad Aslanovu məhkəmə zalından çıxarıb

tərəfindən Gozetci

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə jurnalist Polad Aslanovun işi üzrə proses davam edib.

Açıq dinləmələrə baxmayaraq,  media nümayəndələrini zala  buraxmayıblar. Jurnalistin xanımı Gülmirə Aslanovanın etirazından sonra prosesə bir jurnalist və hüquq müdafiəçisi buraxılıb.

Məhkəmə iclasından sonra Gülmira Aslanova bildirib ki, həyat yoldaşı məhkəmə heyətinə etiraz edib.

Polad Aslanov hesab edir ki, hakim Həsən Əhmədov “siyasi məhbusların işinə sifarişlə baxır”.

Polad Aslanov, həmçinin 3 nəfər mülki geyimli şəxsin məhkəmə zalından çıxarılmasını tələb edib. Polad Aslanov onun işində iştirak etmiş əməliyyatçıları tanıyıb.

Buna cavab olaraq hakim onların “jurnalist”olduğunu bildirib.

Belə olduğu halda Polad Aslanov təklif edib ki, hansı media orqanını təmsil etdiklərini söyləsinlər.

Bundan sonra hakim Polad Aslanovu məhkəmə zalından çıxarıb və proses müttəhimin iştirakı olmadan keçirilib.

Gülmira Aslanova bildirib ki, həyat yoldaşı beşinci gündür ki, aclıq edir, ancaq istintaq təcridxanasında heç kim onun səhhəti ilə maraqlanmır. Jurnalisti həkim nəzarətinə götürməyiblər, digər məhbuslardan təcrid etməyiblər.

Öz növbəsində vəkil Elçin Sadıqov jurnalistlərə bildirib ki, müdafiə tərəfi bir sıra vəsatət qaldırıb. Əsasən vəkil apellyasiya şikayətinə baxılması üçün altı şahidin dindirilməsini xahiş edib. Belə ki birinci instansiya məhkəməsində onların iştirakı təmin edilməyib.

Vəkil, həmçinin məhkəmə tərəfindən Polad Aslanovun kompüterinə və mobil telefonuna baxılması barədə vəsatət qaldırıb, çünki onlardan əldə edilmiş məlumatlar saxtalaşdırılıb.

Müdafiə tərəfi 12-13 iyun 2019-cu il tarixlərində Polad Aslanovun dindirilməsinin videoyazısının surətini də tələb edib, həmçinin qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə 3-4 dəqiqəlik məşvərətdən sonra bildirib ki, vəsatətlər təmin edilmir və mahiyyəti üzrə dinləmələr fevralın 15-nə təyin edilir.

Ombudsman Aparatından Turan-ın müxbirinə bildiriblər ki, Polad Aslanovun xanımı bu quruma müraciət edib və onun aclıq etməsi barədə məlumat verib.

Ancaq Bakı İstintaq Təcridxanasından Polad Aslanovun aclıq etməsi barədə məlumatı təsdiq etməyiblər.

Bununla belə, Polad Aslanovun məsələsi diqqət mərkəzindədir və ombudsmanın nümayəndələri yaxın vaxtlarda növbəti dəfə İstintaq Təcridxanasına gedəcəklər və onunla görüşəcəklər,  insan hüquqları üzrə müvəkkilin aparatından bildiriblər.

* Noyabrın 16-da məhkəmə xeberman.com saytının təsisçisi Polad Aslanovu İranın xeyrinə casusluqda təqsirli bilərək 16 il müddətinə azadlıqdan məhrum edib. Dövlət ittihamçısı onun 17 il müddətinə həbs edilməsini istəyib.

Polad Aslanov 2019-cu il iyunun 12-də həbs edilib və CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Polad Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Polad Aslanov bütün ittihamları təkzib edib və bildirib ki, xüsusi xidmət orqanlarının işçiləri tərəfindən korrupsiya hallarının ifşasına görə təqib edilir. Beynəlxalq təşkilatlar onun həbsini pisləyiblər və Polad Aslanovu azad etməyə çağırıblar.

Fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxılmasına başlanılıb.

Məhkəmə iclası zamanı o, aclıq elan edib, prosesin obyektivliyinin təmin olunmasını tələb edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az