Beynəlxalq təşkilatdan Qarabağda sülh təklifləri

tərəfindən Gozetci

Beynəlxalq Böhran Qrupu (BBQ) 2-ci Qarabağ müharibəsindən sonra regionda sülhü möhkəmləndirməklə bağlı təkliflərlə çıxış edib.

Yardım və ticari əməkdaşlıq

 Qurum bildirir ki, Rusiyanın vasitəçiliyi ilə altı həftəlik müharibəyə son qoyulmasına baxmayaraq, regionun gələcək status daxil, çox məsələ həll olunmamış qalıb. “Əməliyyatlardan sonra davamlı sülhün bərqərar olmasından ötrü tərəflər daha böyük məsələlərin həllindən öncə humanitar yardım və ticarət sahələrində əməkdaşlığa başlamalıdırlar”, – qurum bildirir.

Azərbaycan 44 günlük müharibədən sonra 1994-cü ilə qədər itirdiyi torpaqlarının böyük hissəsini geri ala bilib. Ancaq Dağlıq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib.

“İkibaşlı razılaşma əldə etməyə çalışmaqdansa, tərəflər humanitar ehtiyacları, infrastrukturun bərpasından ötrü beynəlxalq dəstəyi önə çəkməli, irəli getməkdən ötrü ticarət daxil olmaqla əməkdaşlıq yollarını tapmalıdırlar. Kənar oyunçulardan Rusiya əsas rol oynayacaq, ancaq Avropa, Birləşmiş Ştatlar, çoxtərəfli qurumların töhfəsi olarsa, uğur əldə etmək daha real görünür”, – BBQ bildirir.

Qurumun mövqeyincə, bugünkü durum 1994-cü ili yada salır, onda Ermənistan qələbəsini qeyd edirdi, Azərbaycan uduzmuşdu. Sonrakı 26 ildə tərəflər arasında danışıqlar nəticə vermədi, müharibəyə hazırlığı davam etdirdilər, əsas səbəb də o idi, status kvo əsasən qəbul edilmirdi deyə, davamlı deyildi.

Beynəlxalq sərmayə və diqqət

“Atəşkəs düşmənçilik və kədərlə dolu əlavə onilliklərin qarşısını ala bilərmi – bu, daha çox Cənubi Qafqazdakı yeni düzəndən asılıdır, bu düzən davamlı ədavətə deyil, birgə yaşayışa stimul yaradır…

Məcburi həlldənsə, mərhələli yanaşma daha müdrik davranış olar. Özəlliklə də azından məcburi köçkünlər qayıdana və icmalar arasında yeni iqtisadi münasibətlər yaranana qədər Dağlıq Qarabağın statusunun rəsmən həll olunmamamış qalması məntiqi ola bilər”, – deyən BBQ yeni düzəndə əsas komponent kimi Ermənistanın 30 illik təcridinə son qoyulması üçün ticari və iqtisadi əlaqələrin açılmasında görür.

“Bundan ötrü Moskva təkbaşına, yaxud yalnız Ankara ilə işləyə bilməz. Regionda əlaqələrin qurulması üçün yeni iqtisadi, nəqliyyat və kommunikasiya infrastrukturuna daha böyük beynəlxalq investisiya və diqqət lazım olacaq. Eyni zamanda humanitar tədbirlər də vacib olacaq – təkcə müharibədən zərbə yeyənlərin ehtiyaclarını ödəməyə deyil, birgə yaşayış və regionun daha yaxşı gələcəyi üçün”, – qurum vurğulayır.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da atəşkəs bəyanatını açıqlayanda Dağlıq Qarabağın statusunun artıq gündəmdə olmadığını deyirdi. Ancaq sonrakı günlər Ermənistan rəsmiləri statusun dəqiqləşdirilməsinin vacibliyini vurğulayıblar.

Prezident İlham Əliyev ermənilərlə azərbaycanlılarının birgə yaşamasının mümkün olduğunu çıxışlarında dəfələrlə vurğulayıb, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu deyib.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az