Tofiq Yaqublu: Bunun adı qırmızı yalandır..

tərəfindən Gozetci

“Görəsən nə vaxt bir cəsarətli hakim tapılacaq ki, özündə güc tapıb ədalətli qərar çıxarsın?”

Dekabrın 23-də Bakı Apelyasiya Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun işgəncə şikayətinə baxılıb. Siyasi fəal Nəsimi Rayon Polis İdarəsində ona işgəncə verildiyini bildirir və həmin polis əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Bakı Şəhər Prokurorluğu cinayət işi başlanmasının rədd edilməsi barədə qərar çıxarıb. Prokurorluğun müstəntiqi Emin Cəlilov qərarda yazıb ki, araşdırma aparılıb və T.Yaqublunun işgəncəyə məruz qalması barədə iddiaları təsdiqini tapmayıb.

Bu qərarın ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət olunsa da, şikayət təmin edilməyib. T.Yaqublu sözügedən məhkəmə qərarından apelyasiya şikayəti verib.

Hakim Qədim Babayevin sədrliyilə keçirilən məhkəmə iclasında T.Yaqublu çıxış edərək bildirib ki, onun işgəncəyə məruz qalmasını sübut edən təkzibedilməz faktlar var. Siyasi fəalın sözlərinə görə, hadisədən az sonra vəkili vasitəsilə prokurorluğa şikayət etsə də, müstəntiq heç bir araşdırma aparmadan belə bir qərar çıxarıb. Nəsimi Rayon Məhkəməsi də o qərarı qüvvədə saxlayıb: “Görəsən nə vaxt bir cəsarətli hakim tapılacaq ki, özündə güc tapıb ədalətli qərar çıxarsın, vətəndaşın pozulmuş hüquqlarını bərpa eləsin? Mənim tutulduğum anın görüntüləri internetdə, “Youtube”da da var. Orada görünür ki, mülki geyimlilər məni necə tutub aparırlar. Amma iş materiallarında yazıblar ki, guya məni polis geyimində olanlar aparıb. Guya saxlanmamışdan əvvəl üzərimdə xəsarət olub. Qırmızı yalandır bunun adı. Görüntülər ortadadır, oradan görünür ki, mənim üzərimdə xəsarət yoxdur. Deməli, mən saxlanılandan sonra xəsarət almışam. Məni məhkəmədən sonra təcridxanaya aparanda orada da xəsarətləri qeyd elədilər. Məhkəmədə həbs qərarı çıxarılanda hakimə də demişəm”.

T.Yaqublunun sözlərinə görə, onu Nəsimi Rayon Polis İdarəsindəki otaqların birində əlləri qandallı vəziyyətdə yerə uzadıb, işgəncə veriblər. Bu işgəncələr bir saata yaxın davam edib. Ondan televiziyada mübarizədən çəkilməyi, səhv etməyi haqda bəyanat verməyi tələb ediblər.

“Ermənilər Azərbaycan əsgərinə necə işgəncə verirdilərsə, Nəsimi Rayon Polis İdarəsində də elə davranırdılar”, – deyə T.Yaqublu məhkəmədə bildirib.

T.Yaqublunun vəkili N.Kərimli prokurorluğun cinayət işi başlanmasının rədd olunması haqda qərarının əsassız olduğunu vurğulayıb. Vəkilin sözlərinə görə, həmin qərar ətraflı, obyektiv araşdırma aparılmadan, sadəcə, sənədlər əsasında verilib: “Nə ekspertiza təyin edilib, nə üzərinə baxış keçirilib. Bizim vəsatətlərimizin də heç biri təmin edilməyib. Halbuki, bu şikayətin obyektiv araşdırılması üçün polis idarəsindəki videogörüntülərə baxış keçirilməsi, şahidlərin dindirilməsi vacib idi”.

Bakı Apelyasiya Məhkəməsi də şikayəti təmin etməyib. Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

T.Yaqublu Meydan TV-yə bildirib ki, ona qarşı işgəncə məsələsini Avropa Məhkəməsinə çıxarmaq niyyətindədir. Siyasi fəal Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə saxlanması və 30 günlük inzibati həbsi ilə əlaqədar artıq Avropa Məhkəməsinə şikayət göndərib: “Bu şikayət isə Avropa Konvensiyasının 3-cü (işgəncənin, pis rəftarın qadağan edilməsi) maddəsinin pozuntusu ilə bağlı olacaq. Azərbaycan Avropa Konvensiyasını ratifikasiya edib, zəhmət çəksin, hökumət ona əməl eləsin”.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az