Əfqan Sadıqovdan xəbər var

tərəfindən Gozetci

Dekabrın 15-də Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova onunla görüşüb.

Bu barədə, Sevinc Sadıqovanın özü Azadlıq Radiosuna məlumat verib:

“Əfqanla dünən (dekabrın 15-də) görüşdüm, artıq 43 gündür ki, aclıq edən Əfqanın vəziyyəti ağırdır”.

Onun deməsinə görə, Əfqan Sadıqov 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsindədir.  Sevinc Sadıqova habelə bildirib ki, artıq həyat yoldaşının əl və ayaq oynaq hissələrində qıcolmalar baş verir: “Sərbəst hərəkət edə bilmir. Bütün bunlara baxmayaraq, aclığı dayandırmaq barədə təklifləri yaxına buraxmır. Onun vəziyyəti ilə bağlı müxtəlif instansiyalara etdiyimiz müraciətlərə cavab verilmir”.

Ombudsman Aparatı: “Köçürülən andan səhhəti diqqət mərkəzindədir”

Əfqan Sadıqovla bağlı həyat yoldaşının dediklərinə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Ombudsman Aparatından isə “Turan” agentliyinə bildiriblər ki, bu məsələ ilk gündən Ombudsmanın diqqət mərkəzindədir. Aparatdan həmçinin deyilib ki, Ombudsmanın tapşırığına əsasən, iki dəfə onların əməkdaşları Bakı İstintaq Təcridxanasında Əfqan Sadıqovla görüşüblər, bu görüşlərdən biri müalicə müəssisəsində olub:

“Köçürülən andan səhhəti diqqət mərkəzindədir. Baş həkimlə danışılır, məlumatlar alınır. Müalicə müəssisəsinin verdiyi məlumata görə, hazırda vəziyyəti orta-ağırdır, amma kritik deyil. Qıcolma halları yoxdur, huşu özündədir. Gündəlik vəziyyəti öyrənilir və ailəsinə məlumat verilir”.

Qorumdan vurğulandığına görə, ona qida qəbulu tövsiyə edilib

Aparatdan deyiblər ki, Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə hər gün Əfqan Sadıqovun səhhəti ilə maraqlanırlar. Qurumdan əlavə edilməsinə görə, o, saxlanma şəraitindən narazılıq etmir, sadəcə çıxarılan hökmdən şikayətçidir.

Azel TV saytının rəhbəri Əfqan Sadıqov bu ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı.

 

Xatırlatma

Əfqan Sadıqov bundan öncə, 2016-cı il noyabrın 22-də də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Sonradan onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddətlərə inzibati qaydada həbs edilib. Əfqan Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az