AŞ Nazirlər Komitəsi AİHM-nin Azərbaycanla bağlı qərarlarının icrasını müzakirə edib

tərəfindən Gozetci

Dekabrın 1-3-də Avropa Şurası Nazirlər Komitəsinin iclasında Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrası müzakirə olunub.

Avropa Şurasının mətbuat xidmətinin məlumatına görə, Nazirlər Komitəsi xatırladıb ki, “Avropa Məhkəməsi bu işlər qrupunda on ərizəçinin hər biri barəsində Konvensiyanın 18-ci maddəsi ilə 5-ci maddəsinin pozulduğunu müəyyən edib, qanunun aliliyinə zidd olaraq cinayət qanunvericiliyindən sui-istifadə edilməklə hökuməti tənqid edənlərin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin həbsləri və saxlanılmaları kimi narahatedici mənzərəni aşkar edib”.

Nazirlər Komitəsi xatırladıb ki, ittiham hökmləri və ərizəçilərə qarşı cinayət işlərinin digər nəticələri ləğv edilməli, onların bütün mülki və siyasi hüquqları isə tamamilə bərpa edilməlidir.

Həmçinin qeyd edilib ki, Nazirlər Komitəsinin dəfələrlə çağırışlarına baxmayaraq, bu qrupdan 9 ərizəçi barəsində hökmə Ali Məhkəmə tərəfindən yenidən baxılmayıb. “Azərbaycan hökuməti bu gecikməni koronavirus pandemiyası və hərbi vəziyyətlə izah edib. Amma 18-ci maddənin pozulmasının ciddiliyini nəzərə alaraq, o, bu məsələ ilə bağlı təcili tədbirlər görməyə çağırılıb”.

Bununla belə, Nazirlər Komitəsi Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərovun işləri üzrə 2020-ci il tarixli qərarlarının Konvensiyaya uyğun olduğunu qeyd edərək, bu qərarlardan milli qanunvericiliyin şərhi və tətbiqi üçün istifadə edilməsinin əhəmiyyətini vurğulayıb.

Nazirlər Komitəsi həmçinin qeyd edib ki, Qiyas İbrahimov, Bayram Məmmədov və Xədicə İsmayılova hələ təzminat almayıb. Nazirlər Komitəsi hökuməti Avropa Məhkəməsinin təyin etdiyi bütün ödənişləri faizləri ilə birlikdə dərhal ödəməyə çağırıb.

Qərarda məhkəmə hakimiyyətinin və prokurorluğun müstəqilliyinin təmin edilməsinə yönəlmiş zəruri və səmərəli islahatların əhəmiyyəti təsdiq edilib. Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa Şurasının müvafiq standartlarına riayət olunmasının təmin edilməsi üçün görülən tədbirlər haqqında məlumat verməyə çağırıb.

Nazirlər Komitəsi Azərbaycan hökumətinə təqsirləndirilən şəxslərin dəmir barmaqlıqlar arxasına yerləşdirilməsi təcrübəsinin qarşısının alınması üzrə planlaşdırılan və görülmüş tədbirlər barədə məlumat vermək xahişi ilə müraciət edib.

Hazırda Azərbaycandan Avropa Məhkəməsinə göndərilmiş 8 işdə 18-ci maddəsinin pozulduğu müəyyən edilib. Bu, “İlqar Məmmədov Azərbaycana qarşı”, “Rəsul Cəfərov Azərbaycana qarşı”, “Anar Məmmədli Azərbaycana qarşı”, “Zaur Qurbanlı, Rəşad Həsənov, Üzeyir Məmmədli və Rəşadət Axundov Azərbaycana qarşı”, “Natiq Cəfərli Azərbaycana qarşı”, “İbrahimli və Məmmədov Azərbaycana qarşı”, “İntiqam Əliyev Azərbaycana qarşı” və “Xədicə İsmayılova Azərbaycana qarşı” işləridir.

Bu şəxslərin hüquqları tam şəkildə bərpa edilənə qədər Nazirlər Komitəsi insan hüquqları ilə bağlı hər bir iclasında onların işlərini müzakirə edəcək.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az