AXCP fəalına 1 il həbs cəzası kəsildi

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Məhəmməd İmanlı koronavirus yaymaqda suçlanaraq 1 il azadlıqdan məhrum edilib. Dekabrın 1-də Sabunçu rayon Məhkəməsində hakim Mirheydər Zeynalov onun haqqında belə hökm çıxarıb. Hakim bildirib ki, M.İmanlıya qarşı CM-in 139-1.1 (karantin rejiminin pozulması -xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsi ilə irəli sürülmüş ittiham məhkəmədə təsdiqini tapıb.

Amma M.İmanlı ittihamı qəbul etmir və özünü təqsirli bilmir. O deyib ki, ittiham saxtadır, həbsinin yeganə səbəbi AXCP üzvü olması, ictimai-siyasi fəaliyyətidir.

Atası Ramiz İmanovda hökmdən sonra AzadlıqRadiosuna bildirib ki, oğlu təqsirsizdir: “Mən bu qədər haqsızlıq, ədalətsizlik təsəvvür etmirdim. Azərbaycan elə bir vəziyyətə çatıb ki, burada istənilən şəxsi polis, prokurorluq və ya məhkəmə işçisi evindən oğurlayıb apara və istədikləri cəzanı verə bilər. Öz başımıza gəldi, gördük. Adamı evdən çağırıb aparıblar, yazıblar ki, guya koronavirus idi, küçədə tutublar. Bu qədər yalan, bu qədər saxtakarlıq olmaz axı…”.

M.İmanlının vəkili Əsabəli Mustafayev də hökmün ədalətsiz olduğunu düşünür. Müdafiəçi AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək: “Ölkədəki birliyi, bərabərliyi, Məhəmməd İmanlının özünün təqsirsizliyini sübut edən faktları nəzərə alaraq, onun haqqında belə hökm çıxarılmasını gözləmirdim”.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az