Ailəsi F.Qəhrəmanlının səhhətindən narahatdır

tərəfindən Gozetci

[:az]Ailəsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Fuad Qəhrəmanlının səhhətindən narahatdır.

Bu barədə F.Qəhrəmanlının ailə üzvlərindən biri bildirib.

Verilən məlumata görə, ailəsinin F.Qəhrəmanlı ilə ardıcıl əlaqəsi yoxdur: “Axırıncı dəfə o, sentyabrın 1-də evə zəng edib. Geyim, ərzaq, sinir sistemi ilə bağlı, kardioloji və şəkərlə bağlı müəyyən dərmanlar və bir də şəkərini ölçmək üçün test istədi. Başqa heç nə demədi”.

Həmçinin bildirilib ki, o, məcbur olub vəkilindən də imtina etdiyindən ailəsinin və yaxınlarının onundan xəbər tutması çətinləşib.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

F.Qəhrəmanlı iyulun 23-də saxlanıb. Ondan sonra hüquq müdafiəçisi Rüfət Səfərov və AXCP-dən onlara F.Qəhrəmanlıya işgəncə verilməsi ilə bağlı məlumat daxil olduğunu açıqlamışdılar. Amma hüquq-mühafizə orqanları və Ombudsman Aparatı belə məlumatları təkzib etdilər.

Lakin AXCP-nin tutduğu vəkilin F.Qəhrəmanlı ilə görüşmək istəyinin gerçəkləşmədiyi ilə bağlı məlumatlar yayıldı. Sonradan məlum oldu ki, o, həmin vəkildən imtina edərək dövlətin ayırdığı müdafiəçi ilə kifayətləndiyini bildirib. Bu barədə elə onun partiyasının tutduğu vəkili açıqlama verdi. AXCP-dən isə hesab edirlər ki, F.Qəhrəmanlı kimi dəfələrlə həbs olunan siyasətçi onların ayırdığı vəkildən təzyiq altında imtina edə bilər. Amma rəsmilər də belə ehtimalları təsdiq etmirlər.

F.Qəhrəmanlı buna qədər iki dəfə uzunmüddətli həbs edilib, bir çox dəfə isə inzibati qaydada sutkalıq cəzalar alıb. O, sonuncu dəfə uzunmüddətli həbsi 2015-ci ildə altı nəfərin ölümü ilə nəticələnən Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə almışdı. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmişdi.

2019-cu il martın 16-da əfv sərəncamı ilə azadlığa çıxan F.Qəhrəmanlı ittihamları qəbul etmirdi.

Amerikanın Səsi

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az