“Oğlum “Xaliq Faiqoğlu”nun qarajında faciəli şəkildə ölüb, maraqlanmırlar”

tərəfindən Gozetci

[:az]

“Xaliq Faiqoğlu” MMC-nin qarajı

Gənc elə ilk iş günü həyatını itirib

“Hələ 18 yaşı tamam olmayan oğlum şirkətin qarajında elə ilk iş günü faciəli şəkildə ölüb. Şirkətsə deyir, oğlunu işə rəsmi qaydada götürməmişdik, ona görə də başına gələnlərin bizimlə əlaqəsi yoxdur”.

Lətafət Həsənova Meydan TV-yə danışır ki, gənc oğlu Təbriz Həsənov bu il avqustun 11-də sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nin qarajında həyatını itirib. Bir aya yaxın vaxt ötməsinə baxmayaraq, şirkət bir dəfə də ailə ilə maraqlanmayıb, anaya təsəlli verməyib.

“İlk iş günü idi, üstümüzə meyiti gəldi”

Həsənovlar ailəsinin dolanışığı ürəkaçan olmadığına görə, ailə bir müddət əvvəl Göyçay rayonu, Birinci Ərəb kəndindən Xırdalana köçüb, burada kirayə ev tutaraq yaşamağa davam edib. Dediklərinə görə, sosial durumuna heç cür çəki-düzən verə bilməyən ailə üzvlərinin hərəsi bir tərəfdə iş axtarmağa başlayıb. Əvvəlcə ana özünə iş tapıb, ötən ay isə Təbriz soraqlayaraq yaşadıqları evin yaxınlığında – “Xaliq Faiqoğlu” MMC-nin qarajında iş tapa bilib.

Ana danışır: “Mən onun işləməsinə razı deyildim, deyirdim, bu gün-sabah 18 yaşın tamam olacaq, əsgərliyə gedəcəksən, qayıdandan sonra işləyərsən. Mənə qulaq asmadı. Avqustun 11-də işdən gəldim, oğlum dedi ki, Təbriz üzbəüz qarajda özünə iş tapıb, bu gündən işə çıxıb. Həmin gün axşam saat 8-də getmişdi, işi də gecələr qaraja toplaşan avtobusları yuyub təmizləməkdən, dezinfeksiya etməkdən ibarət olub. Elə ilk iş günündə – bir neçə saatdan sonra Təbriz faciəli şəkildə dünyasını dəyişib”.

“Şirkətdən quru başsağlığına da gəlmədilər”

Ananın sözlərinə görə, o və digər oğlu hadisədən növbəti gün xəbər tutub:

“Sabahı gün mən yatmışdım, zəng vurub oğlumu Abşeron Polis İdarəsinə çağırıblar. O da mənə heç bir söz demədən gedib. Orada deyiblər ki, Təbriz işlədiyi yerdə avtobusun altında qalıb, həyatını xilas etmək mümkün olmayıb. Oğlum mənə heç nə deyə bilməyib, gəlib, qonşulara deyib. Bir də gördüm qonşular bizə toplaşır, şübhələndim, oğlumun ölüm xəbərini də qonşulardan eşitdim. Hadisəni törədən adamı tutublar, ailəsindən iki nəfər yanıma başsağlığına da gəlmişdi. Mənə təsir edən odur ki, gənc oğlum faciəli şəkildə ölüb, ancaq şirkətdən yalnız meyidi gələndə iki nəfər gəlib, tez də çıxıb getdi. Dedilər, şirkətdən gəlmişik, heç bilmədim kimlər idi. Bu azmış kimi, şirkətdən mənə deyirlər ki, oğlunu tanımırıq, bizdə cəmi bir neçə saat işləyib, heç rəsmi qaydada işə də götürülməmişdi. Ona görə də bizlik heç nə yoxdur”.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az