[:az]Haqq və Ədalət Partiyası (HƏP) sədrinin köməkçisi Rəşad Abbaslı polisə tabe olmamaq ittihamı ilə 30 sutka müddətinə həbs edilib.
Bu qərarı, bu gün Bakının Binəqədi Rayon Məhkəməsi qəbul edib. Bu barədə Turan-a HƏP İdarə Heyətinin üzvü Babək Adıgözəlov bildirib.
Onun sözlərinə görə, partiya fəallarından ibarət qrup Rəşad Abbaslıya dəstək üçün məhkəməyə gəlib. Onlar fəalı alqışlarla qarşılayıblar. Rəşad Abbaslı ruh yüksəkliyini saxlayır.
Babək Adıgözəlov Rəşad Abbaslının həbsini partiyanın fəaliyyəti ilə əlaqələndirib.
Rəşad Abbaslı ötən şənbə günü HƏP lideri Əli İnsanovla görüşə gedərkən, mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
Əli İnsanov “Amerikanın səsi”nin Azərbaycan xidmətinə müsahibəsində Rəşad Abbaslının saxlanılmasını, bu partiyanın fəallaşması ilə əlaqələndirib.
O, Rəşad Abbaslının saxlanılma qaydasını pisləyib, bunu “insan oğurluğu, qanunsuzluq” adlandırıb.
Onun fikrincə, Rəşad Abbaslının həbsinin əsl səbəbi partiyanın fəaliyyəti, onun ölkə daxilində və xaricdəki tərəfdarları barədə məlumat almaqdır.[:]