[:az]Oktay Gülalıyevin İstanbulun “Amerika Xəstəxanası”nda müalicəsi davam etdirilir.
Bu barədə Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.
Onun sözlərinə görə, Oktay Gülalıyevin çəkisində artım var, duyğurları, reaksiyaları dəqiqləşir.
“Amma, şüur oyanıqlığının nə zaman baş verəcəyi hələ də bilinmir. Oktayı müalicə edən həkimlər də bu halın nə zaman baş vercəyini deyə bilmirlər. Biz Tükiyəyə gələndə Azərbaycanda hakimlər onun yaşama şansını 20 faiz dəyərləndirmişdilər. Amma Oktay hələ yaşayır, səhhətində irəliləyişlər var, nəfəs alması daha da rahatlaşıb. Türkiyədə əməliyyatları uğurlu keçib. Əməliyyatdan sonra hər hansı fəsad olmayıb. Sonuncu əməliyyat bu il iyulun sonlarında olub,” o qeyd edib.
Oktay Gülalıyevi 2019-cu il oktyabrın 29-da yolu keçərkən avtomobil vurub. Oktyabrın 30-da onu 18 saat gecikmə ilə əməliyyat ediblər, bu da onun ölüm həddinə gəlməsinə gətirib çıxarıb.
Noyabrın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə hüquq müdafiəçisi müalicə üçün Türkiyəyə göndərilib. Müalicənin maliyyələşdirilməsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Gülalıyevin müalicəsi hazırda davam etdirilir.
2019-cu ilin oktyabrında faktla əlaqədar, Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və… idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin istintaqı hələ başa çatmayıb.
Amerikanın Səsi[:]