[:az]Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycanda kütləvi həbslərlə bağlı birgə bəyanatla çıxış edib.
Avropa Şurasının rəsmi saytında yerləşdirilən bəyanatı Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, İslandiyadan olan deputat Sunna Evarsdottir, Azərbaycandakı ümumi durum üzrə həmməruzəçilər Ştefan Şennak (Avstriya) və Rocer Geyl (Böyük Britaniya) imzlalyıb.
“Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalardan sonra keçirilən nümayişə görə kütləvi şəkildə həyata keçirilən həbslərdən ciddi narahatıq. Bizi xüsusən həyəcanlandıran saxlanılan şəxslərdən dövlət çevrilişi barədə yalan ifadə almaq üçün onlara işgəncə verilməsi haqda məlumatlardır. Bu kontekstdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlıya qarşı irəli sürülmüş ittiham bizi xüsusən narahat edir,” həmməruzəçilər bildirir.
AŞPA təmsilçiləri bəyanatda Azərbaycanda inzibati həbs hallarının geniş yayılması və bu zaman prosessual tələblərə əməl olunmamasını qeyd edir.
“Biz özbaşınalığa qarşı prosessual təminatları olmayan və Assambleya, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi və Nazirlər Komitəsi tərəfindən dəfələrlə tənqid olunan inzibati həbsin geniş tətbiq olunduğunu qeyd edirik.”
Həmməruzəçilər bildirir ki, bu cür həbslərdə saxta sübutlardan istifadə olunur.
“Azərbaycanda saxta ittihamlardan istifadə olunması, cinayət qanunvericiliyindən siyasi motivlərlə sui-istifadə halları Avropa Məhkəməsinin qərarlarında tez-tez tənqid olunur.
Son hadisələr deməyə əsas verir ki, Avropa Məhkəməsinin də öz qərarlarında göstərdiyi kimi, hökuməti tənqid edənlərin əsassız həbs olunmasıyla bağlı narahatlıq yaradan mənzərə, Avropa Şurası Nazirlər Komitəsinin qeyd etdiyi kimi, inzibati həbslərdən sui-istifadə halları davam edir. Bütün bunlar isə AŞPA-nın bu ilin yanvarında qəbul etdiyi 2322 saylı qətnamədən sonra ölkədə heç bir irəliləyişin olmadığını göstərir.
Biz Azərbaycan hökumətini ifadə və söz azadlığına, sərbəst toplaşma azadlığına hörmət etməyə, işgəncələrin qadağan edilməsinə, insanların azadlıq və təhlükəsizlik hüququnu təmin etməyə, saxlanılan şəxslərlə bağlı ədalətli məhkəmə keçirməyə çağırırıq.
Yaxın vaxtlarda biz 2322 saylı qətnamənin icrası, o cümlədən Azərbaycanda siyasi məhbuslarla bağlı görülən işlər barədə Azərbaycan nümayəndə heyətindən məlumat almağa çalışacağıq,” sənəddə qeyd edilir.
Həmməruzəçilər qeyd edirlər ki, mövcud vəziyyəti Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəril iə birbaşa yazışmalar yoluyla müzakirə etmək istəsələr də, imtina olunub. Onlar bununla əlaqədar məyusluqlarını vurğulayıblar.
Rəsmi mövqe və müxalifətin cavabı
Azərbaycan hakimiyəti bir qayda olaraq beynəlxalq tənqidləri qəbul etmir.
Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında bildirib ki, iyulun 14-də Azərbaycan Ordusunu dəstəkləyən aksiya zamanı bir qrup insanın Milli Məclisin binasına daxil olmasında AXCP-nin əli var. Əliyev deyib ki, ona verilən məlumata görə, bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar.
“Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe – beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik. Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır.”
Dövlət başçısı hüquq mühafizə orqanlarına “beşinci kolon”un işini araşdırılması barədə göstəriş verib.
“Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” Əliyev qeyd edib.
AXCP və Milli Şura aksiyanı təşkil etmədiyini və insidentin `hazırlanmış təxribat` olduğunu bildirib.
“Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı.”
AXCP hesab edir ki, “Milli Məclis binasına bir qrupun daxil olması və polis avtomobilinin aşırılması hakimiyyət orqanlarının ən azı xəbərdar olduğu hazırlanmış təxribat idi və əsas məqsəd müxalifəti bu təxribata bulaşdıraraq, repressiyalara əsas yaratmaq idi.”
“İyul hadisələri ilə bağlı azı 37 şəxs barəsində cinayət işi açılıb”- hüquq müdafiəçiləri müraciət qəbul edib
Son hadisələrlə bağlı hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin onlarla lideri iyulun 31-də ölkə və beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətdə deyilir ki, iyul hadisələri ilə bağlı azı 37 şəxs barəsində cinayət işi açılıb, onlardan 36 nəfər barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri seçilib, 1 nəfər ev dustaqlığına göndərilib.
“Barəsində cinayət işi qaldırılan şəxslərin 17 nəfəri AXCP-ni təmsil edir. Ən azı 32 nəfər barəsində inzibati həbs cəzası verilib ki, onlardan 15 nəfəri AXCP üzvüdür.
Həbs edilənlərin əksəriyyəti Azərbaycan Cinayət Məcəlləsinin 186.2.1 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, külli miqdarda zərər vurmaq), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci maddələri (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və digər maddələri ilə nəzərdə tutulan ağır cinayət əməlləri törətməkdə ittiham olunurlar. AXCP-nin iki rəhbər üzvünə (Fuad Qəhrəmanlı və Məmməd İbrahim) əlavə olaraq Cinayət Məcəlləsinin 278-ci (Hakimiyyəti zorla ələ keçirmək) maddəsi ilə ittiham irəli sürülüb. Daha bir neçə siyasi fəala Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) cinayət ittihamı verilib ki, onların arasında keçmiş siyasi məhbus, hazırda özü də həbsdə olan Məmməd İbrahimin oğlu Mehdi İbrahimov, AXCP fəalı Məhəmməd İmanlı və başqaları da var.”
Müraciətdə deyilir ki, `saxta ittihamlarla` həbsə atılmış siyasi və ictimai fəalların prosessual hüquqları kobud şəkildə pozulur, bəzi istisnalar olmaqla, onların vəkilləri və yaxınları ilə görüşünə imkan verilmir.
“Həmçinin bu şəxslərin əksəriyyətinin işgəncə və pis rəftarın digər formalarına məruz qalmaları barədə xəbərlər yayılmaqdadır. Azərbaycan hakimiyyətinin pandemiya ilə əlaqəli qadağa və məhdudiyyət rejimindən yararlanaraq öz tənqidçilərini, siyasi opponentlərini tamamilə sıradan çıxarmaq, azad sözü tam susdurmaq yolunu tutduğu göz önündədir. Biz, hüquq mühafizəçiləri və vətəndaş cəmiyyəti təmsilçiləri olaraq ölkədə insan hüquqları sahəsində durumun əhəmiyyətli şəkildə pisləşməsindən narahatlığımızı bildirməklə yanaşı, Avropa Birliyi, Avropa Şurası, BMT, ATƏT və digər dövlətlərarası beynəlxalq qurumlara, beynəlxalq insan haqları qurumları təşkilatlarına, mütərəqqi hökumətlərə müraciət edərək siyasi repressiyalara son qoymağı, həbsə atdığı günahsız insanları dərhal azad etməyi Azərbaycan hakimiyyətindən tələb etməyi xahiş edirik. Biz həmçinin ölkənin mütərəqqi ictimaiyyətinə üzümüzü tutaraq baş verənlərə biganə qalmamağı, bütün qanuni vasitələrdən yararlanaraq repressiyalara qarşı etiraz səslərini qaldırmağı xahiş edirik,” Müdafiə Xətti hüquq müdafiə təşkilatınınn yaydığı müraciətdə deyilir.
Amerikanın Səsi[:]