[:az]Abbas Hüseynov: ‘Rəis və müavinləri məni ağzıüstə yerə yıxıb təhqir edirdi…'[:]

tərəfindən Gozetci

[:az]Müsəlman Birliyi Hərəkatının üzvü, Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynov sağlamlığı və həyatının təhlükə qarşısında olduğunu bildirir. Bu barədə o, yaxınları vasitəsilə ictimaiyyətə ünvanladığı məktubunda yazıb. Onun sözlərinə görə, pandemiya ilə əlaqədar sovqat qadağasından sonra cəzaçəkmə müəssisəsinin daxilindəki dükanlarda kəskin qiymət artımına, məhbusların sağlamlığına olan biganə münasibətə etirazlarına görə xeyli əziyyətlərlə üzləşib: “Təklif və etirazlarıma görə məni cəza olaraq 3 həftə hamamdan, ailəmlə telefon zənglərindən məhrum etdilər. İki dəfə ardıcıl karsa salındım. Rəis və müavinləri məni ağzıüstə yerə yıxıb təhqir edir, öldürüb adını intihar qoymaqla hədələyirdilər. Üstümə 20-25 dəyənəkli nəzarətçi göndərdilər, qaldığım kameranı dağıtdılar, bəzi əşyalarım yoxa çıxıb. Bir aya yaxındır ki, əslində pulsuz olan konvert üçün pul versəm də, mənə məktub yola salmağa imkan verilmir. Məktubların hamısını rəis oxuyur”.

AŞPA məruzəçisi ilə görüşdən sonra…

A.Hüseynov iddia edir ki, saxlandığı 8 saylı Cəzaçəkmə Müəssisəsində də aprel və may aylarında koronavirusa yoluxan məhbuslar olub. Amma bu müəssisədə məhkumlar arasında virusun yayılmasının qarşısını almaqdan ötrü lazımi addımlar atılmayıb. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində məhkumlara verilən yeməklər çox keyfiyyətsizdir. Evdən sovqat gətirilməyən, müəssisə daxilindəki dükanlardan da ərzaq ala bilmədiyinə görə oranın yeməkləri ilə qidalanmaq məcburiyyətində qalan məhkumların əksəriyyətinin immuniteti zəifdir.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir bu ilin yanvarında Bakıya səfəri zamanı A.Hüseynovla da görüşmüşdü. Nardaran məhbusu deyir ki, o görüşdən sonra ona qarşı münasibət kəskinləşib, pandemiya dövründəki etirazlarından sonra isə dözülməz hal alıb:

“Bəzi dustaqların əliylə həyatıma təhlükə yaratmaq istəyirlər. Göz görə-görə mənə qarşı təxribat hazırlayırlar. Hər gün fiziki işgəncədən betər psixioloji zərbələr alıram. Hər gün üst-başımı yoxlayırlar, təhqiramiz ifadələr işlədirlər. Dəfələrlə rəisə xəbər göndərib, bunun qarşısının alınmasını istəmişəm. Amma vecinə olmayıb. Elə bil, təxribat planını özü cızır”.

“Hamısı yalandır”

Penitensiar Xidmət isə A.Hüseynovun məktubunda yazılanların həqiqətəuyğun olmadığını bəyan edib.

“Onun dediklərinin hamısı yalandır. O qədər cəfəngiyatdır ki, heç şərh eləməyə də ehtiyac yoxdur”, – Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna belə deyib.M.Sadıqov bundan öncə də bildirmişdi ki, məhkumlara verilən yeməklərin keyfiyyətsizliyi və müəssisədəki ticarət köşklərində qiymətlərin bahalığı haqda iddialar yalandır: “Məhkumlar gündə üç dəfə kolorili, standartlara uyğun qida ilə təmin olunur. Müəssisələrdə zəruri tələbat mallarının satıldığı ticarət köşklərində də qiymətlər adi mağazalarda olduğu kimidir. Orada hesablaşmalar da nağdsız ödənişlə aparılır. Yəni, məhkumun hesabındakı vəsaitdən çıxılır”.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az