[:az]Həbsdən yenicə çıxan Tofiq Yaqublu AzadlıqRadiosuna deyib ki, inzibati qaydada saxlanılanlar üçün Daxili İşlər Nazirliyinin təsdiqlədiyi daxili qaydalar çox sərtdir: «Qaydalar çox sərt və amansızdır. Hətta ən qəddar cinayətləri törədən şəxslər istintaq təcridxanasında belə sərt şəraitdə saxlanmır. Bunu mütləq dəyişmək lazımdır, çünki bu insan haqlarına da ziddir».
T.Yaqublu saxlanma zamanı işgəncələrə məruz qaldığını bir daha söyləyib: «Nəsimi rayon Polis İdarəsində işgəncələrə məruz qalmışam. Bu işgəncələrin izləri hələ də qalıb. Həkimə müraciət edəcəyəm. Biz bu işgəncələr haqqında ağlaşmaq üçün danışmırıq. Biz, sadəcə, bunu deməklə hakimiyyətin əməllərini ifşa edirik».
T.Yaqublunun bu dediklərinə də Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmamışdı. Amma rəsmilər, bir qayda olaraq, polis və cəzaçəkmə müəssisələrində insanlara işgəncələr verilməsi ilə bağlı şikayətləri əsassız sayırlar.
Tofiq Yaqublu azadlıqdadır
Bu gün, noyabrın 18-də Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu bir aylıq inzibati həbsini başa vuraraq azadlığa çıxıb.
Nəsimi rayon Məhkəməsi ona İnzibati Xətalar Məcəlləsinin 513.1-ci (Yığıncaqların, mitinqlərin,… təşkilinin və keçirilməsinin «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanun ilə müəyyən edilmiş qaydasının təşkilatçı tərəfindən pozulması) maddəsi üzrə 30 gün həbs cəzası kəsmişdi.
T.Yaqublu oktyabrın 19-da Milli Şuranın aksiyasında saxlanmışdı. O, saxlandıqdan sonra polisdə işgəncələrə məruz qaldığını və hədələndiyini açıqlamışdı. Bu iddiaya Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmamışdı. Amma ölkənin hüquq mühafizə orqanları, bir qayda olaraq, polis və cəzaçəkmə müəssisələrində insanlara işgəncələr verilməsi ilə bağlı şikayətləri qəbul etmirlər.
Oktyabrın 19-da Milli Şura Bakının mərkəzində mitinq keçirməyə cəhd edib. Aksiya Bakı şəhəri İcra Hakimiyyəti ilə razılaşdırılmayıb. Polis müdaxiləsi zamanı AXCP sədri Əli Kərimli də daxil olmaqla, bir çox şəxsin xəsarət aldığı bildirilib.
Ə.Kərimli də saxlandıqdan sonra ona işgəncə verildiyini açıqlamışdı. Amma prokurorluq bunu təkzib edərək AXCP sədrinin özünü günahlandırmışdı. Qurumdan iddia edilib ki, Ə.Kərimli özü saxlandıqdan sonra baş nahiyəsini avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub.
Aksiyada Milli Şura 100-dən çox şəxsin saxlandığını, onlardan 30-a qədər şəxsə də inzibati həbs cəzası verildiyini açıqlamışdı.
Aksiya başa çatandan sonra Bakı Baş Polis İdarəsinin yaydığı məlumata görə isə, həmin vaxt 60 nəfər saxlanıb, onlardan 42 nəfərinə xəbərdarlıq edilərək buraxılıb, 18 nəfərin işi də hüquq-mühafizə orqanlarına göndərilib.
Azadlıq Radiosu[:]