[:az]İşgəncə ilə öldürülən hərbiçinin xanımı: “Hospitalda tibb bacısı dedi ki, lüt gətirmişdilər, əlləri-gözləri bağlı canın tapşırdı…”[:]

tərəfindən Gozetci

[:az]

Səxavət Binnətov

“Qaynım görüb ki, qəbiristanlıq tərəfə təcili yardım maşını gedir. Onun arxasınca düşüb, bir neçə hərbiçi Səxavət Binnətovun meyidini gətiribmiş. Qəbiristanlıqdan kənarda ekskvatorla quyu qazıb meyiti ora atıblar, üstünü də torpaqlayıblar. El adəti ilə molla belə çağırmayıblar. Deyiblər ki, bu vətən xainidir, şərəfsizdir…”.
Söhbət “cəsus əməliyyatı” zamanı tutularaq istintaq altında olan zaman müəmmalı şəkildə ölən Azərbaycan ordusunun hərbiçisi, müddətdən artıq xidmət edən Səxavət Binnətovun acı taleyindən gedir.

Hərbiçinin həyat yoldaşı Xavər Haqverdiyeva Criminal.az-a açıqlamasında ailəsinin faciəsindən danışıb: “Səxavət Binnətov 2017-ci il mayın 8-də işə getmişdi. Bir gün keçdi, amma işdən qayıtmadı, gözlədim, mayın 9-da hərbi hissəyə getdim. Yolda qarşıma əmisi oğlu çıxdı, dedi ki, Səxavəti aparıblar. Mayın 16-da meyidini gətirdilər. Sonda məlum oldu ki, Səxavət günahsızdır, məhkəmə quruldu, həyat yoldaşım bəraət aldı”.
Buna da bax: Vətən xaini kimi öldürdülən polkovnik bəraət aldı, qəhrəman kimi qəbri ucaldıldı – AZƏRBAYCAN FACİƏSİNİN DOSYESİ
Mərhum hərbiçinin xanımı deyir ki, S.Binnətovun meyidini qəbiristanlıqdan kənarda basdırmışdılar: “Biz meyit görməmişik. İki qızım atalarının hələ də itkin düşdüyünü düşünür. El adəti olmadan, mollasız filansız quyuya atıblar, elə bil it basdırdırlar. Quyuya atıb dedilər ki, bu adam şərəfsizdir, vətən xainidir. Sonra şikayət edəndən sonra gəlib qəbrdən çıxarıb yenidən atasının yanında dəfn etdilər”.
“Səxavəti heç bir günahı olmadan öldürüblər. Bəraət alan hərbişçilərdən fərqli olaraq Səxavət heç şübhəli şəxs də olmayıb. Bəraət kağızından görünür ki, onun barəsində heç cinayət işi də olmayıb. Yoldaşımı kiminsə yerinə səhv aparıblar. Hərbi prokuror Hümbətov da mənə dedi ki, sənin yoldaşın kiminsə yerinə səhvən aparılıb. 6 ay məhkəmə getdi, bir dəfə də adı çəkilmədi ki, onu kim aparıb, kim döyüb öldürüb. Hərbiçilərə işgəncə verib öldürənlərdən Fuad Ağayev və digər təqsirləndirilənlər məhkəmədə dedi ki, Səxavəti görməmişik” – X.Haqverdiyeva bildirdi.

Xavər Haqverdiyeva və S.Binnətov

X.Haqverdiyeva deyir ki, Səxavətin son nəfəsində yanlında olan Hərbi Hospitalın tibb bacısı ilə görüşüb və onun dediklərindən dəhşətə gəlib: “Bakıdakı Hərbi Hospitala getdim, Səxavətə baxan tibb bacısını tapıdım. Ondan soruşdum ki, yodaşım necə öldü, son nəfəsində nə dedi? Dedi ki, Səxavəti koma vəziyyətində, lüt gətirmişdilər. Üstündə ağ mələfə olub. Əlləri və gözləri bağlı vəziyyətdə mayın 15-də gecə canın tapşırıb”.Mərhum hərbiçinin xanımı bildirdi ki, S.Binnətova elə işgəncələr verilib ki, həmin dəhşətli anlar yazılan sənədləri uşaqlarına görə üzə çıxara bilmir: “Ona nə işgəncələr verməyiblər. Dəmirlə, şlankla döyüblər. Əlləri-gözləri bağlı olub. Matrası su ilə isladıb toka verirmişlər. İşgəncə nəticəsində ölən zabit Elçin Mirzəliyevlə Səxavəti eyni yerdə işgəncə veriblər. Məhkəmədə dedilər ki, Səxavətə Marğuşavanda, Mingəçevirdəki hərbi hissədə və meşədə işgəncə veriblər. İşgəncə izləri olan şəkilləri Tərtər Hərbi Məhkəməsinin hakimi İlqar müəllim söz verdi göstərəcək. Amma mərhum polkovnik Saleh Qafarovun yoldaşı Natavan Qafarovaya göstərdilər. Salehə verlən işgəncələri görən qadının məhkəmədə ürəyi getdi. İstintaq materiallarında şəkillər var”.İstintaq materiallarında da S.Binnətova hansı dəhşətli işgəncələr verilməsi yazılıb. İstintaq materiallarından sitat: “Fuad Ağayev 08.05.2017-ci ildə Səxavət Binnətovu N saylı hərbi hissənin köhnə qərargah binasına gətirzdirərək onun fiziki və psixi zor tətbiq etməklə və ya işgəncə verilməklə sorğu-sual edilməsinə göstəriş verib. Səxavət Binnətovdan düşmən tərəfindən kimin vasitəsilə, nə vaxtdan və hansı məqsədlə məxfi əməkdaşlığa cəlb edilməsi barədə məlumatlar verməsi üçün xüsusi amansızlıqla zorakılıq hərəkətləri edib. Gününü müxtəlif vaxtlarında, o cümlədən gecə vaxtları müəyyən fasilələr verməklə köhnə qərargah binasının ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhlizdə əynində olan paltarlarını soyundurub, əllərini və ayaqlarını bağlayıb, eləcədə də ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqan lentlə bağlarıqları Səxavət Binnətovun bədənin müxtəlif nahiyyələrinə yumruq-təpik, habelə plastik boru və digər küt əşyalarla zərbələr vurub. Onu üzü üstə uzadıb tərpənməməsi və müqavimət göstərməməsi üçün qollarından və ayaqlarından tutub başını vannadakı suyun içərisinə salaraq bir neçə saniyə saxlayıb, nəfəs ala bilmədiyini gördükdə boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb bir neçə saniyə nəfəs almasına imkan verib, sonradan həmin prosesi bir neçə dəfə davam etdirib. Əl-ayaqlarını tutaraq əski parçasını ağzına qoyaraq üstündən ağzına su töküb, su ağızına dolduğundan nəfəs ala bilməmiş, boğulmaq həddinə çatdıqda əskini götürərək nəfəs almasına imkan verib, sonr bu prosesi bir neçə davam etdirmişdir, boğularaq çabaladıqda onu tutub saxlamışdır. Daha şiddətli təsir etməsi üçün üstünə su töküb xüsusi qurğu vasitəsilə naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə elektrik cərəyanı verib. Səxavət Binnətov düşmənlə əməkdaşlığını təkzib etdikdə işgəcəni davam etdiriblər. İşgəncə nəticəsində Səxavət Binnətovun bədəninin müxtəlif yerlərində əzik, sıyrıq və hematomalar yaranıb, qaraciyərində cırılma, qarın boşluğuna 1 litr qan yığılıb. Nəticədə Səxavət Binnətov 11.05.2017-ci ildə saat 11-də Hərbi Hospitala gətirilsə də, mayın 15-də orada küt alətlərlə döyülmədən qara ciyər və dalaq cırılmasından orada ölüb”.

S.Binnətovun səhvən öldürülməsini sübut edən sənəd

Hərbi Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsinin rəis müavini Oqtay Ağayevin məktubundan sonra məlum olub ki, Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin hərbi qulluqçularının dövlətə xəyanət etmələri faktları ilə bağlı istintaq olunmuş cinayəti işinin istintaqı zamanı nəinki S.Binnətovun dövlətə xəyanət etməsi faktı müəyyən edilməmiş, ümumiyyətlə istintaq belə bir məlumat daxil olmamış və araşdırılmamış, onun cinayət prosesinə hər hansı prossesual statusda cəlb edilməmiş, ona görə də barəsində hər hansı qərar qəbul edilməmişdir.
criminal.az

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az