[:az]
Natiq Əsgərov daxili işlər nazirinə, Baş prokurora müraciət edir
“Dedilər, sənə kim inanacaq? Əvvəllər də narkotikə görə iki dəfə məhkum olunmusan. Bu narkotikdən üstünə kiloyla da qoysaq, heç kim şər olduğuna şübhə etməz. Sən gəl bizi incitmə, ağıllı ol, ya bu narkotiki üzərinə götürəcəksən, ya da arvadını sənə qoşacağıq, iş “qruppavoy” olacaq. Bildim ki, bunlar hər cür şərəfsizliyə gedərlər. Bunlardan ötrü müqəddəs heç nə yoxdur. Dedim, ailəmi rahat buraxın, gətirin, nə sənəd deyirsiz, imzalayım”.
Salyan sakini olan 38 yaşlı Natiq Əsgərov belə deyir. O, Cinayət Məcəlləsinin 234.2 maddəsiylə həbs olunub, Kürdəxanı həbsxanasında saxlanılır.
Natiq Əsgərov həbsxanadan Meydan TV-yə müraciət edib.
Bildirib ki, bu il mayın 31-də Neftçala rayonu ərazisində polislər tərəfindən şərlənib. Əvvəl 2 il 6 ay, ikinci məhkumluğunda isə 4 il 6 ay həbs cəzası çəkib. Ötən il dekabrın 29-da azadlığa buraxılıb. Mayın 31-də ailə üzvləri ilə birlikdə qohumunun evinə qonaq gedərkən Neftçala rayonu ərazisində saxlanılıb.
“Hüquqlarım mənə ayrılmış vəkilin gözü qarşısında pozulurdu”
“Gündüz saat 2 radələri olardı, taksiylə Neftçala rayon ərazisindən keçirdik, 3 övladım və həyat yoldaşım da yanımda idi. Yol polisləri maşını saxlatdı. Bir neçə maşın bizim oturduğumuz maşını əhatəyə aldı. Məni taksidən düşürüb öz maşınlarına mindirdilər, hara apardıqlarını da demədilər. Maşın dayananda bildim ki, Neftçala Rayon Polis Şöbəsinə gətiriblər. Ailəmi də arxamızca elə həmin taksiylə gətirmişdilər. İdarənin içində polislər başıma toplaşmışdı. Bir polis işçisi əlindəki bükülünü cibimə qoyub dedi ki, bu, bizdən sənə pay olsun. Mən bildirdim ki, o bükülünün üzərində mənim yox, sənin əl izin var. Mənə özləri bildikləri vəkili tutdular. Ondan hüquqlarımı qorumasını tələb etdim, ağzına su alıb susmuşdu, heykəl kimi dayanmışdı. Gözünün qarşısında bütün hüquqlarım pozulurdu, şərlənirdim, səsini də çıxarmırdı”.
“Ailəm üzərindən təzyiq edib sənədlərə qol çəkdirdilər”
Natiq Əsgərovun sözlərinə görə, ailəsini 2 saatdan çox polis idarəsində saxlayıblar, bu müddət ərzində ona narkotiki üzərinə götürməsi üçün ailəsi üzərindən təzyiq göstəriblər:
“Deyirdilər, ya bu narkotiki götür, ya da indi bu bükülünün birini də həyat yoldaşının adına sənədləşdirəcəyik, iş olacaq “qruppavoy”. Körpə uşaqları, gənc gəlini polisdə ac-susuz, ağlar vəziyyətdə saxlayan polisdən hər pisliyi gözlədiyim üçün dedim, gətirin, nə sənədə lazımdır, qol çəkim, ailəmi biraxın, getsin. Beləcə, narkotiki boynuma qoydular, ondan sonra ailəmi idarədən evə buraxdılar. Üzümə qoymaq üçün çağırdıqları hal şahidləri də axşam saat 8 radələrində gəlib çıxdılar. İki nəfər idi, üzümə dirəşdilər ki, narkotik onların yanında cibimdən çıxarılıb. Halbuki, dediyim kimi, bunlar polis şöbəsinə 6-7 saat sonra gəlmişdilər, mən saxlanılanda yox…”
“Hakim məni dinləmək də istəmədi”
İyunun 3-də Neftçala Rayon Məhkəməsi Natiq Əsgərov barəsində həbs-qətimkan tədbiri seçib, o, Kürdəxanı həbsxanasına etap olunub. Deməsinə görə, məhkəməsi keçiriləndə hakimə şərləndiyini, hal şahidlərinin saxta olduğunu desə də, hakim dinləməyib.
Neftçala Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, Natiq Əsgərov Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədiylə narotik maddə əldə edib saxlama) maddəsiylə təqsirli bilinir. İstintaq davam etdiyi üçün hər hansı məlumat verilə bilməz.
Natiq Əsgərovsa deyir, saxlanılan gün narkoti onun adına sənədləşdirərkən bildirilib ki, ona Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik maddə əldə edib saxlama) cinayət işi açılır:
“Mənə bildirmişdilər ki, sənə 234.1 maddəsi açacağıq, satış məqsədi olmadan narkotik maddə əldə edib saxlama… Ancaq Kürdəxanıya etap olunandan sonra məlum oldu ki, mənə həmin maddənin 2-ci hissəsiylə – satış məqsədilə əldə edib saxlama maddəsi veriblər. Yəni məni aldadıblar. 2 aya yaxındır həbsxanada saxlanılıram, indiyədək müstəntiq bircə dəfə də mənimlə görüşməyib. Dəfələrlə görüş tələb etmişəm, gəlməyib, nə də məni yanına aparmayıblar. Aclıq aksiyası keçirmişəm, baxmışam ki, bu da təsir eləmir bunlara… Vəkilimin heç adı yadımda qalmayıb, çünki onu mənimçün formal olaraq ayırıblar, mənim hüquqlarımın pozulması ona maraqlı deyil. Ailəminsə mənə vəkil tutmaq imkanı yoxdur”.
Natiq Əsgərov daxili işlər nazirinin və Baş prokurorun onunla bağlı açılan saxta cinayət işinə diqqət ayırmasını tələb edir. Əks təqdirdə, aclıq aksiyasına başlayacağını bildirir.
Meydan TV[:]