[:az]Gəncə işi: Dindarların aksiyasında tutulan “spirtli içki içirəm”, deyir[:]

tərəfindən Gozetci

[:az]Gəncə hadisələrinə görə həbs olunub, altı aydan sonra işləri ayrılan 8 nəfərlik daha bir qrup var. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onlara 5 ildən 8 ilə qədər həbs cəzası verilib. Onlar Gəncədə ötən il icra başçısı və onun mühafizəçisinin güllələnməsindən sonra iyulun 10-da keçirilən aksiyada iştirakda, həmin vaxt polislərə müqavimət göstərməkdə, zorakılıq etməkdə suçlanırlar. Amma heç biri özünü təqsirli bilmir və hökmdən də apellyasiya şikayəti veriblər.

İyulun 1-də Bakı Apellyasiya Məhkəməsində onların şikayətinə baxılıb. Amma şikayəti araşdıran Gəncə Apellyasiya Məhkəməsindən, Əlizamin Abdullayevin sədrlik etdiyi hakimlər kollegiyasıdır.

Vəkil Polad Məhərrəmov deyib ki, bu apellyasiya şikayətlərinə məhkəmə istintaqı keçirilmədən, sübutları araşdırmadan qiymət vermək mümkün deyil. Təqsirləndirilən şəxslərin əslində, törətmədikləri əmələ görə cəzalandırıldığını, ittihamı sübut edən heç bir fakt ortaya qoyulmadığını deyən vəkilin fikrincə, əgər doğru-düzgün məhkəmə istintaqı aparılsa, onların günahsızlığı da təsdiqini tapar.

Təqsirləndirilən şəxslərdən Sabir Əzizovun vəkili deyir ki, cinayət işinin materiallarında müvəkkilinə aid səs yazısı olduğu yazılıb. İddia olunur ki, həmin səs yazısında Sabir digər təqsirləndirilən Gülmirzə Nuruzadəni Gəncədəki aksiyaya çağırıb. Müdafiəçinin sözlərinə görə, ittiham tərəfi həmin səsi ortaya qoymayıb. Gəncə Ağır Cinayətlər Məhkəməsi də Sabirin haqqında hökm çıxaranda o səs yazısına istinad edib, amma onun mövcud olub-olmadığını yoxlamayıb: “Birinci instansiya məhkəməsi yoxlamayıb ki, bu var, yoxsa yoxdur. Ümumiyyətlə, belə bir səs yazısı yoxdur”.

“Gecə-gündüz döyürdülər”

Gəncə məhbuslarının özləri də çıxış edib, təqsirsiz olduqlarını deyiblər. Bu qrupda mühakimə olunanlar arasında qardaş olanlar da var – Riya və Gülmirzə Nuruzadələr, Sabir və Cabir Əzizov qardaşları.

R.Nuruzadə bildirib ki, ötən il iyulun 10-da qardaşı Gülmirzə, dostları Fikrət və Sabirlə istirahət məqsədilə Göygölə getmək üçün evdən çıxıblar, Gəncədən keçəndə “İmamzadə”ni ziyarət ediblər: “Sonra çay içib, yemək yeməyə münasib bir yer axtardıq. Hətta belə bir yer soruşmaq üçün polisə yaxınlaşdıq. Həmin vaxt bizi götürüb idarəyə apardılar. Dedilər ki, guya, polisə müqavimət adıyla 15 gün “sutkalıq” verəcəklər. İnanın, bizi 4 gün gecə-gündüz döydülər. Tələbləri də bu idi ki, bizi Gəncəyə aksiyaya Elman Quliyevin çağırdığını deyək”.

E.Quliyev də bu qrupda onlarla birlikdə mühakimə olunur.

Qardaşı Gülmirzə Nuruzadə də oxşar ifadə verib. Deyib ki, özü maşın ustasıdır. Həmin ərəfədə ataları rəhmətə getmişdi, onun yoxluğuyla barışa bilmirdi. Həm də bu üzdən dostları qərara gəliblər ki, birlikdə Göygölə gedib, bir az dincəlsinlər.

G.Nuruzadə də bildirir ki, polis idarəsində onları döyüb, Gəncəyə E.Quliyevin çağırması barədə ifadəyə imza atdırmağa çalışırdılar: “Azərbaycanda hamı bilir ki, aksiyalarda iştirak edənləri polislər tutur. Əgər aksiyaya gəlirdimsə, qardaşımı niyə gətirirdim? Kökündən yalandır. Telefonlarımız hələ də polisdədir. Yoxlasınlar, sübut ortaya qoysunlar ki, Elman çağırıb”.

“Ölmək istəyirdim”

Sabir və Cabir Əzizovlar ifadə verəndə onların məhkəmə zalında olan analarının vəziyyəti pisləşib.

Cabir danışıb ki, öncə Gəncədə polis idarəsinə aparıb, onlara polisə müqavimət ittihamıyla 15 gün inzibati həbs cəzası veriblər. Amma bu cəzanı çəkmək üçün heç yerə köçürməyiblər, idarədə saxlayıb, işgəncə veriblər. O da iddia edir ki, işgəncənin məqsədi E.Quliyevin əleyhinə olan ifadəyə imza atdırmaq idi: “Bizi o qədər döyürdülər ki, huşumuzu itirdik. Hər gün döyürdülər. Axırda ki, gördüm dözə bilmirəm, ülgüclə damarlarımı doğradım. Başdan ayağa – qollarımı, boğazımı… Ölmək istəyirdim. Elə işgəncə verirlər ki, zaldakı ana-bacılardan utanıram deməyə. Qadınlar çıxsın, deyim necə işgəncə verdilər, şalvarı əynimdən çıxartdılar… Belə yaşamaq olar? Mən Elmana niyə böhtan atmalıyam?”

C.Əzizov bildirib ki, spirtli içki qəbul edir, amma onu dindarların aksiyasının iştirakçısı kimi təqdim ediblər.

Digər qardaş Sabir Əzizov ailələrinin ağır durumundan danışıb. Bildirib ki, evin çörək gətirəni olan iki övladın həbsindən sonra valideynləri köməksiz qalıblar: “Atamın bir ayağı yoxdur. Mən gözümü açandan işləmişəm, zəhmət çəkmişəm ki, ata-anama kömək edim. Gəncənin Alüminium zavodunu prezidentə təhvil veriləndə mən rəngləmişdim…”

Məhkəmə iyulun 26-da davam edəcək.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az