[:az]İyunun 28-də xəstəxanada intihara cəhd etmiş və bir gün sonra vəfat etmiş Mingəçevir şəhər sakini İmamverdi İsmayılovun ölümü ilə bağlı cinayət işi başlanıb. Həmin gün mərhumun övladına xidmət göstərən həkim Elxan Cəfərov isə istintaq müddətində işindən uzaqlaşdırılıb. Bu haqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iyulun 2-də yaydığı məlumatda deyilir.
Qurum hadisənin araşdırılması üçün komissiya yaradıb.
Agentlik həmin gün baş verənlərə də toxunub. Qurumun açıqlamasına görə, mərhumun 4 yaşlı övladının hərarəti yüksəldiyi üçün iyunun 26 və 27-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə müraciət edilib, xəstədə yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu müəyyən olunub.
“Xəstəliyin stasionar müalicəyə göstərişi olmadığına görə, uşağa ilkin tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu təsdiqini tapıb və valideynlərinə lazımi məsləhətlər verilərək evə göndərilib”, – açıqlamada qeyd olunur.
Daha sonra deyilir ki, körpə iyunun 28-i gecə 37.7 dərəcə qızdırma ilə təkrar xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib, ona ilkin tibbi yardım göstərilib, uşağın həyatına təhlükə yarada biləcək hər hansısa problem müəyyən edilmədiyi bildirilib.
Azadlıq Radiosu[:]