[:az]Son rəsmi statistikalar ölkədə boşanma sayının aramsız artdığını göstərir. Bəziləri Geli Rimin nikahının ləğvinə də sıradan “boşanma işi” və statistika kimi yanaşa bilər. Amma bu “ləğvin” bir məqamı diqqət çəkir: yetkinlik yaşına çatmayan uşaqların gələcək taleləri analarına etibar edilməyib. Yasamal Rayon Məhkəməsinin fikrincə, ana başqa ölkənin vətəndaşı olduğundan övladlarının onun himayəsinə verilməsi uşaqların taleyini təhlükəyə atar.
Yəməndə doğulan və Rusiya vətəndaşı olan ana
“Həyatımda ilk dəfə belə ağır sarsıntı keçirir və hələ də özümə gələ bilmirəm”.
Bakıda yaşayan Rusiya vətəndaşı Geli Rim Abdel Raxman başına gələnləri AzadlıqRadiosuna danışır. Onun həyat hekayəsi belədir:
“Atam Sudan vətəndaşı, milliyyətcə ərəb, anamsa Rusiya vətəndaşı və azərbaycanlı olub. Valideynlərim Moskvada ali təhsil alarkən tanış olub evləniblər. Bir müddət sonra atamı Yəmənin Ədən Unversitetinə dəvət ediblər. Mən 1979-cu ildə həmin ölkədə doğulmuşam. Atamın işi ilə bağlı Əlcəzair və Misirdə də yaşamışıq. 1990-cı ildə onun vəfatından sonra anam məni və bacımı götürərək Bakıya gəlib. Elə o vaxtdan bu şəhərdəyəm”.
O, atasının mirası hesabına korluq çəkmədiklərini də bildirir:
“Anam Bakıdan ev aldı. Bacımla birgə Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul edildik. Bacım bəstəkar oldu, ailə qurandan sonra xaricə köçdü, hazırda İsveçrədə yaşayır. Mən Bakıda ali tibb təhsili alıb stomatoloq ixtisasına yiyələndim”.
“Həmişə ailəmə sadiq olmuşam”
Geli Rim keçmiş əri ilə Bakıda tanış olduğunu və 2007-ci ildə Azərbaycan adət-ənənəsinə uyğun ailə qurduqlarını söyləyir. Bildirir ki, ikisi oğlan, biri qız olmaqla üç uşaqları var. O, ailəni qorumaqdan ötrü hər çətinliyə dözdüyünü, güzəştə getdiyini də sözlərinə əlavə edir:
“Həmişə ailəmə sadiq olmuşam. Onu qorumaq naminə çox şeylərə dözmüşəm… Evdən qovulanda azyaşlı uşaqlarla birgə aylarla rəfiqəmgildə qalmışam. Ehtiyaclarımızı, əsasən, öz gəlirimlə – Bakıda anamdan qalma mülkləri satmaqla və Moskvadakı evimizin icarəsi hesabına ödəmişəm”.
Lesbianlıq iddiası
Geli Rimin keçmiş əri ilə əlaqə saxlamaq cəhdləri boşa çıxdığından, AzadlıRadiosu onun Yasamal Rayon Məhkəməsi qətnaməsindəki izahatına istinad edəcək.
Qətnamədə qeyd olunur ki, ər məhkəməyə ilkin müraciətində arvadının evi atıb getməsindən, tüfeyli həyat sürməsindən şikayətlənib. Ancaq daha sonra “iddia tələbinin dəqiqləşdirilməsi” üçün məhkəməyə yeni ərizə verib. Bu dəfə o, həyat yoldaşının mobil telefonda bir xanımla olan yazışmasını oxuyub şoka düşdüyünü və bununla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsinə müraciət etdiyini bildirib. O, məhkəmənin diqqətinə çatdırıb ki, arvadı ilə həmin xanım arasında isti münasibətin mövcudluğunu sahə müvəkkili də təsdiqləyib.
Keçmiş ər yerli saytlardan birinə isə bildirib ki, əsas narahatlığı uşaqların ölkədən çıxarılması ilə bağlıdır:
“Mənim uşaqları anasından ayırmaq fikrim yoxdur. Mənim uşaqlarım Azərbaycan vətəndaşıdır. Uşaqlarım balacadır və onların ölkədən çıxarılmasını mən istəmirəm… Qoy uşaqların 18 yaşı olsun və onlar özləri qərar versinlər ölkəni tərk etmək istəyirlər ya, yox”
“Uşaqları almaq üçün mənə şər atılıb”
Geli Rim keçmiş ərinin söylədiklərini uydurma sayır və deyir ki, uşaqları əlindən almaq üçün ona böhtan atılıb:
“Son iki ildə nikahımız formal olub. Bu müddətdə çox az vaxt bir yerdə yaşamışıq. Ondan boşanmaq istəsəm də, hər dəfə bu məsələ ciddiləşəndə ərim ya yumşalır, ya da məni təhdid edirdi. Bilirdi ki, ayrılanda uşaqlar mənimlə qalmaq istəyəcək. Buna görə əvvəl mənim başqa bir kişi, sonra da qadınla münasibətdə olmağım barədə yalanlar uydurdu”.
Geli Rim deyir ki, yaxınlıq etdiyi deyilən rəfiqəsi oğlunun müəllimi, özü də ailəli olan bir xanımdır:
“Mən uşaqları məktəbə aparıb-gətirdiyimdən, həm də valideyn komitəsi rəhbəri olduğumdan tez-tez bu xanımla görüşür, ünsiyyətdə olurdum. Tanışlığımız sonradan dostluğa çevrildi. Bir-birimizə xoş sözlər deməyimiz, zarafatlaşmağımız olub. Amma bu, sevgili olmaq anlamı vermir ki… Bu əsassız iddianı təsdiqləmək üçün iş materiallarına bizə aid olmayan mətn və şəkillər əlavə edilib.”
Dövlət orqanlarından fərqli rəylər
Məhkəmə uşaqların kimin yanında qalma məsələsi ilə bağlı iki dövlət orqanından münasibət öyrənib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyində qeyd olunur ki, ər 10 illik ailə həyatı müddətində münasibətlərinin normal olduğunu, həyat yoldaşının davranışında və cinsi orientasiyasında fərqli heç bir hala rast gəlmədiyini bildirib. Bundan əlavə o, ayrı yaşadığı 9 ayda ailəsinə maddi kömək etmədiyini də etiraf edib. Rəyə görə, fikirləri öyrənilən uşaqlar atasının anasına qarşı zorakılıq törətdiyini, ataları üçün darıxmadıqlarını və onunla görüşmək istəmədiklərini bildiriblər.
Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası isə Geli Rimin rəfiqəsi ilə telefon yazışmalarının məzmununa görə uşaqların atanın himayəsinə verilməsinin tərəfdarı olub.
Məhkəmənin “mühüm” hesab etdiyi iki hal
Məhkəmənin qiymətləndirməsinə görə qadına xəsarətin əri tərəfindən yetirilməyinə dair sübut olmadığından iddia əsassız hesab edilib.
Məhkəmə Geli Rimin Rusiya vətəndaşı olmasını, ona Azərbaycanda müvəqqəti yaşama icazəsi verilməsi faktını “işin mühüm və diqqətəlayiq halı” kimi qiymətləndirib. Qeyd ediblib ki, azyaşlı uşaqların diqqət və qayğıya daha çox ehtiyacı olduğu vaxtda valideynin Azərbaycanda qanuni əsaslarla daimi yaşaması əsas şərtlərdən biridir.
Məhkəmə rəfiqələr arasında “adi dostluq münasibətindən kənara çıxan isti münasibəti” virtual yazışmalar əsasında müəyyənləşdirib. Eynicinslilər arasında iddia olunan sevgi “milli adət-ənənələrə uyğun olmayan, milli mentalitetə kölgə salan hərəkət” sayılıb. “Bu baxımdan da azyaşlı uşaqların analarının yanında qalması məqsədəmüvafiq deyildir”- qətnamədə belə yazılıb.
Hüquqşünas: “Məhdudiyyətlərin hüquqi əsası yoxdur”
Xarici ölkə vətəndaşı və fərqli cinsi orientasiyalı olmaq uşaqları saxlama məsələsində məhdudiyyət doğura bilərmi? Hüquqşünas Hafiz Həsənov-un fikrincə, məhkəmənin gətirdiyi dəlillərin heç bir hüquqi əsası yoxdur:
“Ailə Məcəlləsi ailə münasibətlərində yerli və xarici vətəndaşlar üçün eyni hüquq, vəzifələr müəyyənləşdirib. Müddətli icazə ilə Azərbaycanda yaşamaq, elə “qanuni əsaslarla yaşamaq”dır. Necə ola bilər ki, xarici ölkə vətəndaşı bu ölkədə nikaha girə, dünyaya uşaq gətirə bilər, amma öz uşaqlarını saxlaya bilməz? Milli qanunvericiliyimizdə fərqli orientasiyalı insanlarla bağlı məhdudiyyətlər nəzərdə tutulmayıb. Ölkə Konstitusiyası və digər qanunvericilik aktları milli, sosial və digər mənsubiyyətlərinə görə insanların ayrıseçkiliyə məruz qalmasını yasaqlayır”.
Tibb eksperti: “Cinsi orientasiya o zaman müzakirə oluna bilər ki…”
“Lesbianlıq, bütövlükdə homoseksuallıq psixi xəstəliklər siyahısından çıxarılıb. Bu, sivil ölkələrdə azad cinsi həyatın bir forması kimi qəbul edilir. Bəzi ölkələrdə eyni cinsdən olan insanlara nikah bağlamaq, övladlığa uşaq götürmək hüququ verilib”, – xidməti fəaliyyəti ilə bağlı adının açıqlanmasını istəməyən həkim-psixiatr AzadlıqRadiosuna belə deyib. Onun fikrincə, belə orientasiaya malik valideynlər heç də bütün hallarda uşaq tərbiyəsindən kənarda saxlanıla bilməz:
“Valideynin cinsi orientasiyası o zaman müzakirə oluna bilər ki, o, uşaların tərbiyəsinə mənfi təsir göstərən şəkildə belə münasibətdə olsun. Məsələn, cütlük bir yerdə yaşasın, valideyn vaxtını və ailənin gəlirini daha çox sevgilisinə sərf etsin, əxlaqa, mənəviyyata zidd davranışları olsun və s. Əgər uşaqların tərbiyəsi və inkişafına təsir yoxdursa, o xanımın orientasiyasını müəyyənləşdirmək məhkəmənin nəyinə lazım olub?…”
“Bu qərar ölkənin imicinə zərər vura bilər”
AzadlıqRadiosuna danışan ekspertlər bildirirlər ki, hətta iddia əsaslı olsa belə, Yasamal Rayon Məhkəməsinin cinsi orientasiyaya görə məhdudiyyət tətbiq etməsi insan hüquqlarının kobud surətdə pozulmasıdır və bu fakt ölkənin beynəlxaq imicinə zərər vura bilər. Onlar ABŞ Dövlət Departamentinin “2018-ci ildə Azərbaycanda insan hüquqlarına dair hesabat”ına diqqət çəkirlər. Həmin sənəddə cinsi azlıq nümayəndəsi olan şəxslərin psixi xəstə adlandırılaraq hərbi xidmətə yararsız sayılması, işdən azad olunması, polisin onlarla pis rəftarı və s. barədə fikirlər yer alıb.
“Mənim orientasiyamı məhkəmə “dəyişib””
Geli Rim iddia edir ki, onun orientasiyası məhkəmə qərarı ilə “dəyişdirilib”. Amma o bu vəziyyətdə də uşaqlarını, onların gələcəyini düşünür :
“Axı mən belə deyiləm, deyiləm!..”.
İş materiallarının dəyişdirilməsi ilə bağlı Geli Rimin iddiasına və başqa fikirlərinə, məhkəmədən və başqa aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb.
AZADLIQ RADİOSU[:]